Araik AzTV-yə hansı sirləri açdı? – “Bunları etiraf edib…”

“Araik Arutyunyan 44 günlük müharibə vaxtı törətdiyi hərbi cinayətləri etiraf edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

A.Nərimanlı Bakıda saxlanılan keçmiş qondarma rejimin “rəhbəri” Araik Arutyunyanın AzTV-yə verdiyi müsahibədə bütün cinayətlərini etiraf edəcəyini bildirib:

“Bəllidir ki, Araik 44 günlük müharibə vaxtı törətdiyi hərbi cinayətləri, misal üçün, Gəncənin bombalanması, eləcə də qondarma rejimin “rəhbəri” olduğu dövrə qədər Qarabağda etdiklərini – qanunsuz silah daşınması, bölgənin minalanması və s. – etiraf edəcək. O, bütün bunları isintaqa danışıb, lakin dövlət televiziyasının ekranına çıxarılması həm törətdiyi cinayətləri ictimaiyyət önündə etiraf etməsi, həm də Azərbaycanın separatizm üzərində qələbəsinin bir daha nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir”.

Qeyd edək ki, martın 28-də Azərbaycan Dövlət Televiziyasının efirində Dövlət Təhlükəsizlik Xidmətinin Xankəndidə keçirdiyi bir günlük əməliyyatın detalları ilə bağlı “Antiterror” adlı sənədli film təqdim ediləcək. Sənədli filmdə Qarabağdakı keçmiş qondarma rejimin “rəhbəri” Araik Arutyunyanın AzTV-yə verdiyi müsahibə də yayımlanacaq.

Ayşən Mustafa
Globalinfo.az