“Araik Arutyunyan yaxşı başa düşür ki, onun taleyi İrəvanda yox, Bakıda həll olunur”

“Ermənilər deyirlər ki, sanki İlham Əliyevlə Qərb indiki halda eyni dildə danışır” – Zahid Oruc

Globalinfo.az Milli Məclisin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucla müsahibəni təqdim edir:

– Zahid bəy, sizcə, Kişinyov görüşündən sonra nə baş verəcək? Gözlənilən sülh sazişi idi, amma bu, baş vermədi.

– Vətən müharibəsindən sonra bir neçə görüş keçirilib. Kişinyov görüşü Avropa platforması üçün çox da ənənəvi olmayan bir siyasi təşəbbüs kimi, dövlətləri öz qanadı altına almağa xidmət edən yeni görüşlərdir. Belə görüş bundan öncə də Praqada baş tutmuşdu.

– Ölkələrə belə formada yanaşmaq nə anlama gəlir?

– Onlar gördülər ki, yaxın qonşuluq siyasəti, Avropa İttifaqı (Aİ) üçün aralıq və assosiativ üzvlük və s. işləmir. Hər halda Rusiya buna çox kəskin reaksiya verir, Ukraynanın taleyi ortadadır və yenilənmə baş verib. Gördüyünüz kimi, bu görüşün üzərindən əsas Avropa dövlətləri, yəni Fransa və Almaniya Kişinyova gəlir, lakin bizim nəzərimizdə istər Brüssel üzərindən aparılan danışıqlar olsun, istərsə də ABŞ-da əsas təlimat, şərtlər və strateji planlar olsun. Mən onların ayrı-ayrı olduğuna inanmıram. Prosesi vahid düşünürəm və hesab edirəm ki, onların hamısı bilavasitə ABŞ tərəfindən diqtə olunur.

– Bəs burada məqsəd nədir?

– Onların çalışması ondan ibarətdir ki, Vətən müharibəsi qəfil başlayıb, burada yeni geopolitik nizam formalaşıb, Rusiya və Türkiyə bölgədə həlledici qüvvəyə çeviriliblər, Qərb isə öz mövqelərini itirib. Onlar da sülh prosesini ələ götürərək danışıqlarda əsas yeri alaraq, artıq Minsk qrupunun pozulmuş formatını bu cür bərpa etməyə cəhd göstərirlər. Qərb maksimum çalışacaq. Prezident İlham Əliyev tərəfindən verilmiş mesajlar ilk dəfə idi ki, Xankəndidə olan siyasi separatçılarla əlaqəli oldu.

– Onlar silahları yerə qoyduqları, təslim olduqları təqdirdə amnistiya düşünülə bilər?

– Bəli, başqa halda onların heç bir səlahiyyəti tanınmayacaq, onlar hakimiyyət uzurpatorlarıdır. Ölkə rəhbəri bu mənada sülh müqaviləsi üçün təklif olunmuş və tərəflərə bir neçə dəfə mübadilə edilmiş sənədə dördüncü dəfə ölkəmizin reaksiyasını göstərmiş oldu. Digər tərəfdən isə Şarl Mişel öz Tvitter səhifəsində Xankəndi ermənilərinin əhvalını təlx edib və deyib ki, “Keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sakinləri”. Onlarsa bunu həzm etmək istəmirlər. Düşünürlər ki, 30 ildir qurduqları “dövlət”, bəşəriyyətə “insan haqları” kimi “dəyərlər” aşılayan Qərb niyə onları bu formada qəbul edir?! Deyirlər ki, sanki İlham Əliyevlə Qərb indiki halda eyni dildə danışır. Amma digər tərəfdən də Şarl Mişel bəyan edib ki, rəhbərlər riskli qərarlar verməlidirlər.

– Burada nə nəzərdə tutulur?

– Əgər Azərbaycanın Xankəndi erməniləri ilə danışıqlarından bəhs olunursa, bunu biz etmişik və iki dəfə də dəvət olunublar. Cənab prezident dedi ki, növbəti dəfə artıq olmayacaq. Çox inanıram ki, Ermənistan Brüsseldə 86.6 min kv km ərazini tanıdığı kimi, ən azı bu dəfə də delimitasiya üçün prosesə başlayacaq. Yəqin ki, tərəflər ən azı Kişinyovda siyasi deklarasiyada sülh müqaviləsini imzalamağa hazır olduqlarını bəyan edəcəklər. Prosesin Qərb platformasında yekun aktla bitəcəyinə çox da inanmıram (Redaksiyanın qeydi: müsahibə 1 iyun tarixində alınıb).

– Prezident İlham Əliyev separatçı rejimin “məmurları”na təslim olmaları üçün çağırış etdi. “Yalnız o halda amnistiyaya baxmaq olar” dedi. Bakı bu istiqamətdə hansı addımları ata bilər?

– Hazırda Xankəndidə yaşananlar bütün mənalarda vəziyyəti özündə əks etdirir. Birincisi, vaxt var idi ki, biz oradan ən kiçik informasiyanı da müxtəlif kəşfiyyat və digər rıçaqlar hesabına əldə edə bilərdik. İndi isə bir dəfə Şuşada olan şəxs obrazlı şəkildə söyləyir ki, həmin strateji yüksəklikdə qərarlaşan qüvvə bütövlükdə Xankəndinin üzərindədir və hökmranlığı qazanır, hərbi-siyasi mənada bütün proseslərə nəzarət edə bilir. Bu, həqiqətən də belədir!

Digər tərəfdən isə doğrudan da 3 ilə yaxın vaxt ərzində orada müəyyən bir miqrasiya baş verib. Biz bunu belə adlandırmalıyıq. Qəti şəkildə onu etnik təmizləmə, qorxub getmə və s. kimi qiymətləndirməməliyik.

Son günlər ermənilərin əsas rəhbərlərinin dilindən də onu eşidirik ki, guya məqsədimiz ermənisiz Azərbaycan modeli üzərində dövlət siyasəti yürütməkdir və hətta bu, millətimizin bir “idealıdır”. Bu, əsla belə deyil!

Məsələnin ikinci tərəfi isə ötən onillər ərzində ermənilərin faciəsi həm də ondan ibarət olub ki, Qarabağdan keçib gedən şəxslər Ermənistanın rəhbərinə çevriliblər. Bu da özlüyündə ilahi qanuna uyğunluqdur, həm də siyasətin hökmüdür ki, onlar bizim millətə 30 il ərzində yaşatdıqlarını hazırda özləri yaşayırlar!

– Bunu necə anlayaq?

– Yəni Qarabağ bütün mənada onların başının bəlasına çevrilib. Çünki Köçəryan və Sərkisyan səhra komandirləri kimi millətimizə qarşı törətdikləri genosid cinayətindən sonra əvvəl Qarabağda rəhbər idilər, sonra gedib Ermənistanda taxt-taca yiyələndilər və millətin faciələrinə səbəb oldular.

İndi bunu Erməni xalqından yaxşı dərk edən yoxdur. Müharibədə məğlub olmuş Paşinyana növbəti dəfə səs verir və bununla sübut etmək istəyirlər ki, 90-cı illərdə “miyatsum” və digər proqramlarla milləti ayağa qaldırıb Azərbaycan üzərinə yeritmək nəticəsində avantüristlər qazandı, sadə vətəndaşlar isə itirdilər.

Bu fonda Araik Arutyunyan yaxşı başa düşür ki, onun taleyi İrəvanda və ya dünya erməniçiliyi tərəfindən, o cümlədən üçüncü paytaxtlarda yox, məhz Bakıda həll olunur.

Bildirilir ki, o şəxslər özlərini rəhbər elan ediblər, bu isə qəti şəkildə Azərbaycan tərəfindən qəbul oluna bilməz! Qarabağa status verilmirsə, onlar üçün əlahiddə səlahiyyətlər tanınmayacaq və şübhəsiz ki, onların silahı yerə qoyması Azərbaycan konstitusiyasını qəbul etməsi, bizim pasportu daşımaları fonunda vətəndaş səlahiyyətlərinə malik olacaqlar, hüquqlarını qazanacaqlar və çox mümkündür ki, gələcəkdə müxtəlif dinc proseslərdə, hətta seçkilərdə iştirak edə biləcəklər.

– Bəs onlara vəzifə veriləcəkmi?

– Xeyr, əsla onların üstün bir səlahiyyət, imtiyaz və s. kimi dövlətin konstitusyon və suveren haqlarına zərbə gətirən hadisələr olmayacaq. O mənada Arutyunyan başa düşür ki, Vardanyan və başqa qüvvələrlə öz ömrünü uzadıb bu nöqtəyə qədər gətirib çıxarıb. Bu, 3 ilə qədər belə idi. Onlar sülhməramlı qüvvələrin kölgəsində də öz hakimiyyətlərini saxlaya bilməzlər.

– İki gün öncə Armen Qriqoryan bəyan edib ki, bizim orada hərbi qüvvələrimiz yoxdur….

– Hə, guya Ermənistanın silahlı qüvvələri artıq Qarabağa gəlmir, xidmət keçmir, bununla bağlı da onların qarşısında belə bir tələb yoxdur. Çox yaxşı… Cəmi 27-30 min əhaliyə malik kiçik bir etnik toplum nə qədər özündən silahlı qüvvələr ayıra bilər ki, bizim millətimiz qarşısında dirəniş göstərə bilsin və müharibənin nəticəsini təftiş etsin?!

– Bu gün erməni politoloqları bəyan edirlər ki, başqa alternativlər yoxdur.

– Təsadüfi deyil ki, Paşinyan bu mövqeni tanıyıb. O yaxşı anlayır ki, hər hansı bir qüvvənin alternativi məhvdir. İkinci Qarabağ müharibəsindən sonra nəinki Xankəndidə, heç Ermənistanda da strateji silah yoxdur.

– Fransa Ermənistana qüvvə göndərə bilərmi?

– Nə qədər jandarma göndərsələr də, gəlib özləri vurşmayacaqlar. Belə şəraitdə isə biz də Rusiya-Qərb savaşından faydalanacağıq. “Konflikt”lər var, bu gün Aİ-nın mövqeləri bölgədə sülhün təmin olunmasını istəyir və 2.6 milyard avro vəsait verməyə hazırdırlar. Bundan faydalanaraq, biz Rusiyaya qarşı protest edib hər 2-3 paytaxtdan nələrsə bəhrələnə bilərik. Yüz il əvvəl belə bir siyasət olub. Amma hələ də onun ağrısını yaşayırlar. Sonda gedib Atatürkün qarşısında diz çöküblər, ultimatumlardan sonra özlərinin təhlükəsizliyinə müəyyən zəmanət qazanıblar. Əgər tarixi təkrarlamaq istəmirlərsə, o zaman Atatürkün zamanında irəli sürdüyü bəlli şərtləri İlham Əliyev bu gün verməyə hazırdır, qəbul etsinlər.

– Sülh müqaviləsinin şərtlərinə Qarabağ və ya orada olan ermənilərin hüquq və təhlükəsizlik məsələləri daxil oluna bilərmi?

– Qəti bir şəkildə daxil oluna bilməz. Bu, ölkənin konstitusiyasına zidd olar. Çünki onlar döyüşü hərbi meydanda uduzublar. Siyasi masada, diplomatik danışıqlarda və ya sənəd üzərində əlahiddə preferensiyalar qazana bilməzlər.

– Zahid bəy, keçək İranla olan münasibətə. Sizcə, İsrail prezidentinin Azərbaycana səfəri zamanı Tehranın səssiz qalma səbəbi nədir?

– Onlar prosesi diqqətlə izləyiblər. Hətta İshaq Hersoqun “bölgədə qeyrimüəyyənliyi, təhdidləri yaradan tərəf İrandır” sözlərinə onların politoloji-siyasi arsenalı məsələ əleyhinə xeyli əsəbi, qəzəbli bəyanatlar səsləndiriblər.

Digər tərəfdən Məhsa Əmininin qətlindən bu yana ayağa qalxan İran xalqının hakimiyyətə olan qəzəbini boğmaq üçün xarici düşmən amilindən maksimum bəhrələnirlər və deyirlər ki, “baxın, indi İran, Rusiya və digər dairələr bölgədə sabitlik istəyir, amma İsrailin strateji planları regionu dağıtmaq və ya təhlüksizliyinə zərbə vurmaqdır”. Əgər İsrail-Azərbaycan münasibətləri İranı narahat edəcəksə, inanın ki, bunların az qala Ermənistanla birləşməsindən irəli gedən deyillər.

– İranın Azərbaycanı müstəqillik günü münasibətilə təbrik etməsi nədən xəbər verir?

– Bəli, mayın 28-də İran prezidentindən təbrik məktubu gəlmişdi. Orada “Biz qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırıq, o cümlədən birgə işləmələrə hazırıq” ifadələri yanlış siyasəti ortaya qoyur. Biz 30 il ərzində İrana qarşı korpusda olmadıq. Azərbaycan öz coğrafiyası üzərindən qonşu dövlətlərə qarşı savaşın aparılmasına yol vermədi. Azərbaycan Ukraynanın indiki vəziyyətini 90-cı illərdə yaşayıb. Biz müxtəlif qütblər arasında konfrontasiya predmeti və ya məkanı olmaq istəmirik. Mütləq ki, İranın bir planı var.

– İran bizə qarşı hər hansı bir planı həyata keçirə bilirmi?

– Onlar artıq bizə qarşı nə dini, nə iqtisadi xarakterli təxribatlar törədə bilmirlər. Azərbaycan bunda qəti maraqlı deyil. Biz heç vaxt İrana müharibə elan etmək, Təbrizə silahlı vasitələrlə daxil olmaq kimi strategiya yürütməmişik. İrəli sürdüyümüz məsələlər oradakı qardaşlarımızın mənəvi, siyasi hüquqları ilə bağlıdır.

– Zahid bəy, İranda ikinci Qarabağ döyüşündə HAROP-ların istifadəsini bu ölkəyə qarşı müharibənin baş məşqi sayanlar var….

– Burada bizim günahımız yoxdur. Biz torpaqlarımızın azadlığı uğrunda savaşmışıq. Bu tarixcə kimə olmasa da, Tehranda hakimiyyəti yönləndirən qüvvələrə çox yaxşı bəllidir. Çünki on əsrlərlə hakimiyyətdə rəhbər şəxslərin kimlərdən ibarət olduğu və bölgənin ümumi keçmişi onlara bəllidir.

– İranla Ermənistan münasibətinə nə ad vermək olar?

– Biz Türkiyə ilə münasibətimizi “Bir millət, iki dövlət” olaraq dəyərləndiririk, amma İranla Ermənistan arasında münasibətlər o qədər yaxın olub ki, onlar bəzən “iki millət, bir dövlət” kimi hərəkət edirlər. Biz buna təəssüflənirik. Qəti bir şəkildə İranla münasibətlərimizin pisləşməsini istəmirik və bölgədə gərginliyin olmasının tərəfdarı deyilik.

– Zəngəzur dəhlizinin açılması İranla Ermənistana nə kimi təsir edəcək?

– “Zəngəzur dəhlizinin açılması Ermənistan-İran əlaqəsini dayandıracaq və bu, Tehranın Qafqazlardan getməsinə səbəb olacaq” kimi anlayış məsələyə dar çərçivədə yanaşmaq deməkdir.

– SEPAH-ın teleqram kanallarında Ermənistan İsraillə əlbir olub, yerli mediada İrana qarşı birgə fəaliyyət göstərməkdə ittiham olunur. Sizcə, bu, İranın növbəti gözdən pərdəasma siyasətidir? Çünki Azərbaycan haqlı olaraq İranı Ermənistanla əməkdaşlıq etdiyinə görə tənqid edir.

– Qeyd edim ki, İranın hakimiyyət orqanlarında bölgədəki proseslərə baxışda çox ciddi parçalanmalar və qütbləşmələr var. O cümlədən gördüyümüz kimi, orada Əli Şamxaninin vəzifədən getməsi, onunla bağlı atılan addımlar sübut edir ki, bir sıra daxili qarşıdurmalar bundan sonrakı dövrdə də səngiməyəcək.

SEPAH və ya qeyrisi, bizim üçün hazırda ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan kəşfiyyat orqanları arasında savaş aparılmasını istəmir. Heç Azərbaycana qarşı hansısa şərtlər altında casusluq edən şəxslərin məsuliyyətə cəlb olunmasından da qəti qürurlanmırıq. Güc strukturlarımız – Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Əks Kəşfiyyat Xidməti ən yüksək peşəkarlıqla çalışırlar. Bu baxımdan cənab prezidentin 2 il əvvəlki çıxışlarından birini xatırlatmaq istəyirəm.

Orada vurğulanırdı ki, Azərbaycanın bu qurumları Ermənistanda gedən prosesləri də, ölkəmiz əleyhinə olan başqa müstəvidə cərəyan edən hadisələri də çox yaxşı bilir. Təsadüfi deyil ki, onlarla şəxsə qarşı casusluq adı altında cinayət işi qaldırılıb. Ona görə də bizim üçün İranın bu məsələlər fonunda daha rasional, realist qərar vermələri doğru olar, nəinki prosesləri çətinləşdirmək. Onsuz da dünyadan izoliasiya olunublar, blokadalara, sanksiyalara məruz qalıblar. Azərbaycanı anti-İran cəbhəsinə yuvarlamağa ehtiyac yoxdur.

Zaira Akifqızı
Globalinfo.az