“Aparıcı ekspertə desə ki, efirdə dombalaq aş…” – Jurnalistdən sərt sözlər

“Azərbaycan televiziyalarında ekspert qıtlığı hökm sürür. Bu problem xüsusilə sosial proqramlarda özünü daha qabarıq şəkildə göstərir. Hazırda ölkənin ən çox izlənilən sosial verilişlərində ekspert statusunda çıxış edən adamların çoxu savadsız və kütbeyindir. Onların elementar mədəniyyət qaydalarından xəbəri yoxdur”. 

Bu sözləri Globalinfo.az-a açıqlamasında uzun illər Azərbaycanda ən çox izlənilən sosial verilişlərin eksperti olmuş Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Jurnalist bildirib ki, bəzən verilişin eksperti ilə zərərçəkəni ayırd edə bilmir, çünki onlar səviyyəcə bir-birindən çox fərqlənmirlər:

“Hər ikisi qışqırır. Üstəlik, ikisi də məntiqsiz və mənasız danışır. Az qalır ki, yerlərindən qalxıb bir-birinin yaxasını cırsınlar. Elə ekspertlər var ki, növbəti verilişlərə dəvət almaq üçün efirdə meymunluq edir. Aparıcı təkcə verilişi deyil, həm də ekspertləri idarə edir. Əgər sabah aparıcı ekspertə desə ki, efirdə dombalaq aş, məmnuniyyətlə bunu edər. Bu yaxınlarda yazmışdım. İndi isə sizin sayta deyirəm: Azərbaycan televiziyaları alimi Əli Mirəliyevə çevirir”.

Seymur Verdizadə xatırladıb ki, o, efirə çıxdığı 2011-2018-ci illərdə studiyanı həmişə səviyyəli qonaqlarla bölüşüb:

“İndikindən fərqli olaraq, o vaxt küçədən keçən adamı ekspert statusunda efirə dəvət etmirdilər. Biz akademik Arif Həşimov, xalq artistləri Habil Əliyev, Arif Babayev, Afaq Bəşirqızı, professor Əyyub Kərimov, dosent Rəşid Mahmudov, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, yazıçı Xeyrəddin Qoca və digər nüfuzlu şəxslərin iştirakı ilə müzakirələr aparırdıq. İndi isə Arif Babayevin çəkməsini yamayan adamı ekspert qismində efirə dəvət edirlər. Buna görə də, tamaşaçılar televiziyalardan üz döndərir”.

Globalinfo.az