Antalyada önəmli görüş: Fidan Lavrov təmasının detalları…

“Antalya Diplomatiya Forumu, hazırda regional və qlobal məsələlərin müzakirə olunduğu ən önəmli platformalardan biridir. Forumun özəlliyi gərginlik yaşanan ölkələrin də burada iştirak edərək dialoq qura bilməsidir. Bu xüsusda, həm Ceyhun Bayramov – Sergey Lavrov, həm Hakan Fidan – Lavrov, həm də Fidan-Mirzoyan görüşünün qarşılıqlı maraq doğuran bir sıra məsələlərin aydınlaşdırılması baxımından önəmli olduğunu düşünürəm”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, həm Türkiyəni, həm də Rusiyanı narahat edən çağırışların sayı kifayət qədər çox olduğu üçün gündəmin də elan olunduğundan zəngindir:

“Hesab edirəm ki, hazırda Qərbi və Orta Asiyada, Cənubi Qafqazda cərəyan edən, proseslər Türkiyə və Rusiya üçün heç də Yaxın Şərqdən, yaxud Şimali Afrikadan az əhəmiyyətli deyil.

Zənnimcə, hazırda Türkiyə və Rusiyanın ana gündəmini, Qara dəniz və Xəzər regionlarındakı vəziyyət daha çox narahat etməlidir. Çünki hər iki bölgədə cərəyan edən proseslər Türkiyə və Rusiyanın maraqlarına birbaşa təhdid yaradan məsələlərdir. Hazırda hər iki regionda kommunikasiyaların təhlükəsizliyi, eləcə də alternativ marşrutların nəzərdən keçirilməsi, xüsusilə də Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Hazırda Fransanın “moderator”luğu ilə Cənubi Qafqaza yönəlik siyasətin əsasında dayanan amillərdən biri, əsasən Rusiyanın, qismən isə Türkiyənin diqqətinin Qara dəniz hövzəsindəki proseslərdən yayındırılması, Kremlin müqavimət gücünün paylaşılaraq zəiflədilməsi təşkil edir.

Hər iki ölkənin yeni proksi-müharibələrə cəlb edilməsi, yaxud hazırda iştirak etdikləri qarşıdurmalarda daha mürəkkəb və dərin problemlərlə qarşı-qarşıya gətirilməsi perspektivi də az deyil. Bu baxımdan, həm Rusiyanın, həm də Türkiyənin, eləcə də region dövlətlərinin istər təhlükəsizlik, istər iqtisadi, siyasi və hərbi əməkdaşlıq müstəvisində cəsarətli, çevik qərarlar qəbul etmələrinə ehtiyac var. Çox güman ki, bu ay Rusiyada keçiriləcək seçkilərdən sonra Ankara və Moskva regional əməkdaşlıq platformalarındakı fəaliyyətlərini gücləndirəcəklər”.

Turan Rzayev
Globalinfo.az