Ankaranın Qarabağ səssizliyi: Cavab generallardan gəldi – Həsənovla Gülərin planı

Üç mühüm hadisənin şahidi olduq:

1. Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdama səfər etdi. Onları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də müşayiət etdi.

H.Hacıyev diplomatik korpus nümayəndələri və hərbi attaşelərə Ağdam-Xankəndi yolundakı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış edib.

2. Qarabağdakı erməni quldurlarının başçısı Araik Arutunyan istefa verdi. O, “istefası”ndan öncə “dövlət naziri” Qurgen Nersisyanı da “vəzifəsindən” azad etdiyini, onun yerinə “TŞ katibi” Samvel Şahramanyanı təyin etdiyini və ona “böyük səlahiyyət” verdiyini qeyd edib.

3. Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirdi.

Qeyd etdiyim 3 hadisənin öncəsində də ciddi hadisələr baş verdi. Misal üçün, Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla, Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələri göndərildi. Həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirildi.

Bütün bu hadisələrin baş verdiyi bir zamanda hər kəsi düşündürən bir sual var:

Türkiyə hardadır? Rəsmi Ankara məsələlərə niyə səssiz qalır?

Xüsusilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın səssizliyi diqqət çəkir. Türkiyənin proseslərə səssiz qalması həqiqətən də diqqət çəkir. Lakin ümumi mənada Ankaranın proseslərin içərisində olmadığını və ya laqeyd yanaşdığını demək doğru olmaz.

Zakir Həsənov Eskişehirdə 1-ci Aviasiya bazasında 

Hakan Fidan Türkiyənin xarici işlər naziri olduqdan sonra Ankaranın xarici siyasətdə dəyişiklik etdiyi doğrudur. Lakin Türkiyənin Cənubi Qafqaz siyasəti dəyişməzdir. Burada əsas məsələ Hakan Fidanın iş prinsipi və metodlarıdır. Nəzərə alsaq ki, bu şəxs MİT rəhbəri olub, xarici siyasətdə də atdığı addımları gizlətməsi ya da pərdəarxası siyasətə üstünlük verməsi normaldır.

Əslində Türkiyə proseslərin içərisindədir. Misal üçün, Ağdama səfər edən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelərin içərisində Türkiyə təmsilçisi də vardı.

Bundan başqa, Türkiyə milli müdafiə naziri Yaşar Gülər ötəngünkü təxribatla bağlı açıqlamasında deyib ki, Türkiyə Azərbaycanın qanuni mübarizəsini dəstəkləməyə davam edir. “Türkiyə Azərbaycan, Liviya və Qətər kimi dost, qardaş və müttəfiq ölkələrin ədalətli mübarizəsini dəstəkləyir”, – o bildirib.

Onu da deyim ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir. Səfər çərçivəsində o, Eskişehirdə 1-ci Aviasiya bazasının komandiri general-mayor Ərtan Uzun ilə görüşüb. Daha sonra general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə birgə 2023-2024-cü uçuş təlim ilinin açılış mərasimində iştirak edib. Təxribatların baş verdiyi bir zamanda belə bir görüşün keçirilməsi hər şeydən xəbər verir.

Sonda isə onu qeyd edim ki, çoxları Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri olduğunu unudub.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı