
“Ermənistan daxilində etiraz hərəkatı yaranıb. Onun daha da geniş vüsət almasına səbəb Tavuş vilayətində sərhədin delimitasiya və demarkasiyası prosesinin aparılmasıdır. İndi etirazçılar çətin seçim qarşısındadırlar”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
“Prosessual yolla Paşinyanı devirmək məqsədinə nail olmaq mümkün deyil. Etimadsızlıq təşəbbüsü lazımi sayda səs toplasa belə, çətin ki, məntiqi nəticəyə gələ bilsin. May etirazları ilə bağlı çox maraqlı məqamlar var. Birincisi, onların siması nə siyasətçi, nə eks-prezident, nə keçmiş baş nazir, nə deputat, nə də nazirdir. Etirazçıların lideri əvvəllər siyasi dairədə görünməyən ruhani şəxsdir. Müxalifəti təmsil edən ənənəvi erməni qüvvələri dörd ilə yaxındır ki, Paşinyanı devirməyə çalışsalar da, buna nail ola bilməyiblər.
İkincisi, aydındır ki, 2024-cü il etirazlarının lideri Baqrat Qalstanyan hər cür yolla özünü ənənəvi müxalifətdən və “keçmiş”lərdən fərqləndirir. Onun hərəkətlərinin çoxu 2018-ci ilin “Məxməri inqilabı”nın kopyasını xatırladır. Eyni paytaxt yürüşü, hakim bürokratiya ilə əlaqəsi olmayan şəxsin namizədliyinin irəli sürülmək cəhdi və sairə. Amma o da həqiqətdir ki, 2018-ci ildə hakimiyyətin əleyhdarlarının hamı tərəfindən tanınan bir lider var idi”, – Markedonov bildirib.
Rusiyalı politoloqun sözlərinə görə, bu gün oxşar heç nə müşahidə edilmir:
“Etirazçıları çətin seçim gözləyir. Ya uğur şansı çox olmayan demokratik prosedurlara arxalanacaqlar, ya da nəticələri meydanlara çıxanlar üçün heç də az təhlükəli olmayan aksiyaları radikallaşdıracaqlar. Cəmiyyətdə isə vətəndaş qarşıdurması ideyası, hətta ali məqsədlər naminə belə dəstəklənmir”, – ekspert vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az