Amerika Bilrləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.
Globalinfo.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
Diqqətçəkən məqam odur ki, A.Blinkenin səfəri qatarla baş tutub. Onun Kiyevə gələcəyi tarix və saat öncədən bilinmirdi.
“Reuters” bildirir ki, Konqres Ukraynaya hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqlədikdən sonra bu, Ukraynaya səfər edən ilk yüksəkrütbəli amerikalı məmurdur.
Adının çəkilməsini istəməyən ABŞ administrasiyasının rəsmisinin “Reuters”a dediyinə görə, Blinken səfəri zamanı Kiyevin müdafiəsini gücləndirmək və döyüş meydanında təşəbbüsü bərpa etmək məqsədilə Birləşmiş Ştatların silah təchizatından necə istifadə etməyi planlaşdırdığını müzakirə etmək niyyətindədir.
Xatırladaq ki, ötən gün Ukrayna prezidenti Volodimir Zelenski cəbhədə vəziyyətin ağır olduğu haqda bəyanat vermişdi. Onun bu bəyanatının ardından Blinkenin Kiyevə gəlməsi diqqət çəkir.