Avropa İttifaqı (Aİ) 2024-cü ildə Ukraynaya 21 milyard avro dəyərində silah göndərməyə ümid edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozef Borrell deyib:
“2024-cü il ərzində ən azı 21 milyard avro yardım ayrılacaq. Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri Avropa İttifaqı və bütün üzv ölkələr Kiyevə 28 milyard avroluq hərbi yardım köçürüb”, – deyə Borrell vurğulayıb.
Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Avropa İttifaqı 2023-cü ilin fevralından 2024-cü ilin martına qədər Ukraynaya vəd etdiyi 1 milyon əvəzinə təxminən 500 min artilleriya mərmisi göndərəcək:
“Keçən il Aİ və üzv ölkələr Ukraynaya 1 milyon mərmi çatdırmaq barədə öhdəlik götürüblər. Lakin üzv ölkələrin ən son məlumatlarına əsasən deyə bilərik ki, bu rəqəmlər hər gün dəyişir. Məsələn, keçən ilin mart ayından indiyədək biz 330 min mərmi təhvil vermişik. Bu, hədəfimizin üçdəbiridir.Mən mart ayına qədər daha 200 min mərmi çatdırılacağını gözləyirəm. Beləliklə, ümumi say 530 minə çatacaq. Bu, hədəfin 50 faizindən bir qədər çoxdur”, – deyə Borrell fikirlərini tamamlayıb.
Əliyar Xəlil,