Ağdərə ilə bağlı ilginc məlumatlar – Hərbi ekspertdən mühüm ANONS

Keçmiş Ağdərə rayonuna Azərbaycan Ordusu nəzarət edir. Ötən gün yayılan foto və videolardan da bu qənaətə gəlmək olar.

Ağdərəyə nəzarətin ordumuza keçməsi həm də Kəlbəcərə ən təhlükəsiz və qısa yolun açılması deməkdir. 1992-ci ildə ordumuz bu rayonu işğaldan azad etmiş, lakin daha sonra yenidən ermənilərin əlinə keçmişdi.

Maraqlıdır, indiki məqamda keçmiş Ağdərə rayonunun ordumuzun nəzarətinə keçməsi hansı üstünlükləri yaradır? Rəsmi Bakının bundan sonrakı hədəfi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ağdərə rayonu Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında paylaşılıb:

Ədalət Verdiyev

“Kifayət qədər böyük ərazilərə malik olan keçmiş Ağdərə rayonunun ərazisi əsasən dağlıq idi. Şərq hissəsi isə düzənliklərdən ibarət idi. Bu ərazilərin Azərbaycan ordusunun nəzarətinə keçməsi ilk növbədə mühüm yol qovşaqlarının, sənaye əhəmiyyətli təbii ehtiyatların və Tərtər çayı üzərində yerləşən Sərsəng su qovşağının Azərbaycanın idarəetməsinə keçməsi deməkdir.

Keçmiş Ağdərə rayonu ərazisindən Qarabağın müxtəlif hissələrinə, habelə Şərqi Zəngəzura gedən mühüm yol qovşaqları, körpülər, avtomobil yolları Azərbaycan tərəfindən qısa zamanda təmir edilib istifadəyə veriləcək. Təhlükəsizlik tədbirləri görüldükdən, ərazi minalardan təmizləndikdən sonra təbii ki, Ağdərədə yaşayan azərbaycanlılar öz doğma yuvalarına qayıdacaq. Bu qayıdışın təmin olunması üçün təmir bərpa işləri həyata keçiriləcək.

Ağdərədə mövcud olan ərazilərin təchizat və təminat yollarının, habelə hakim yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi düşmənin ərazidə qalan töküntülərinin təmizlənməsi üçün münbit şərait yaradır”.

Turan Rzayev
Globalinfo.az