“Bona Dea”: “Elxan Səmədovun vəziyyəti kritikdir” – YENİLƏNİB

“Yaralılardan ikisinin vəziyyəti digərlərinə nisbətən kritikdir”.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında “Bona Dea” xəstəxanasının baş həkimi Cabir Gülmalıyev deyib.

O bildirib ki, səhər saatlarında Xankəndi yolunda avtoqəza keçirən altı nəfər günorta saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanasından “Bona Dea”ya gətirilib:

“Yaralılar dərhal aidiyyəti üzrə müvafiq şöbələrə yönləndirilib, dərhal həkim müdaxiləsi edilib. Qəbul edilən yaralılardan ikisinin – Aslan Şahgəldiyev və Elxan Səmədovun tibbi vəziyyətləri digərlərinə nisbətən kritikdir. Hər ikisi hazırlıqdan sonra dərhal əməliyyata alınacaq. Digər xəstələrə tibbi müdaxilələr edilib. Tibbi vəziyyətləri stabildir. Onlar stasionar müalicə üçün müvafiq palatalara yerləşdiriliblər”.

***14:30

Xankəndi şəhəri istiqamətində avtqəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Bakıya gətirilib.

Globalinfo.az bildirir ki, bu barədə PFL-dən məlumat verilib.

Yaralılar “Liv Bona Dea Hospital”a yerləşdirilib.

***12:11

Globalinfo.az Trend-ə istinadən hadisə yerindən fotoları təqdim edir:




X X X

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Bakıya göndərilir.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a qəzada xəsarət alan PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

O həmçinin daha beş nəfərin qəzada yaralandığını söyləyib.

S.Abdullayev bildirib ki, PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xasarətləri alıblar.

***11:58

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər (kişi) 16.12.2023-cü il tarixində saat 07:05 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

***11:16

Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Nəticədə sürücü R.Qafarlı və avtomobildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elxan Səmədov Peşəkar Futbol Liqasının (PFL) prezidentidir.

X X X

Trend-in məlumatına görə, mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev isə PFL-in vitse-prezidentidir.

X X X

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, onlar Bakı sakinləri 1984-cü il təvəllüdlü Abdullayev Sənan Məstəli oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu, 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1981-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğlu, 1990-cı il təvəllüdlü Abbasov Elgiz Rafiq oğlu, 1981-ci il təvəllüdlü Hacıməhərrəmov Zaur Tahir oğludur. Xəsarət alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir. Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olduğu bildirilir.

 

***10:52

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alan şəxsləri adları məlum olub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, qəza nəticəsində xəsarət alan 3 nəfər – 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu və 1982-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğludur. Onlar müxtəlif dərəcəli xəsarətlərlə Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Mikroavtobus maneəyə çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB - FOTO

***09:39

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.