ABŞ böyük müharibəyə hazırlaşır? – İkibaşlı gediş

“Birləşmiş Ştatların Yaxın Şərqdə münaqişənin genişlənməsinə çalışdığı və hətta yeni müharibəyə hazırlaşması ilə bağlı məlumatlar, qənaətimə görə, reallığı əks etdirmir və seçki ilində uğurlu nəticə ehtimalı az olan bir prosesin daha dərin qatlarına nüfuz etməsi Bayden administrasiyasının və təbii ki, Demokratların maraqlarına uyğun deyil. Bu baxımdan, Vaşinqtonun İsrail-HƏMAS qarşıdurmasını gücləndirməklə münaqişənin eskalasiyasına, İranla açıq və daha dərin müstəviyə keçən qarşıdurmaya can atacağı inandırıcı görünmür”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Blinkenin səfərləri çərçivəsində nəzərə çarpan məqamlardan biri Ağ Evin İsrail-Səudiyyə Ərəbistanı münasibətlərini 2023-cü ilin oktyabrından əvvəlki dövrə, normallaşma yoluna qaytarma cəhdidir:

“İsrailin indiki hökumətinin ABŞ-da keçiriləcək prezident seçkilərində respublikaçıların qələbəsində maraqlı olduqları açıq-aşkar görünür və bu səbəbdən rəsmi Təl-Əvivin Bayden administrasiyasının prosesin 7 oktyabrdan əvvəlki dövrdə qaytarılması cəhdlərində maraqlı olduğunu düşünmürəm.

Hazırda Bayden və komandasını narahat edən və ciddi çağırışlar qarşısında qoyan problemlər təkcə İsrail-HƏMAS qarşıdurması deyil. İran və digər maraqlı qüvvələr bölgədəki bütün oyunçularını fəallaşdırıblar və ABŞ-ın bölgəyə daha çox vaxt və resurs sərf etməsinə çalışırlar. Hazırda HƏMAS və Hizbullahla yanaşı, İranın dəstəklədiyi husilərin də aktivləşdiklərini görürük. Digər tərəfdən, Tehran İraqdakı tərəfdaşlarını da hərəkətə gətirib. İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkədəki missiyasını bağlamaq üçün komitə yaradıldığını açıqlayıb.

Elçin  Mirzəbəyli

Bu, kifayət qədər ciddi mesajdır və Vaşinqtonun diqqətini İsrail-HƏMAS qarşıdurmasından, İsrail-Səudiyyə Ərəbistanı münasibətlərini normal məcraya yönəltmək cəhdlərindən yayındıra bilər. Bu isə Bayden administrasiyasının seçkilərə qədər Yaxın Şərqdə, hətta minimum nəticə əldə etməsinə də maneə yarada bilər. HƏMAS-la qarşıdurmaya son qoyulması üçün İsrailin iki dövlət prinsipini qəbul etməsi zəruridir. İsrailin indiki hakimiyyəti isə şübhəsiz ki, bu yanaşmanı qəbul etmir və indiki halda hadisələrin sürətli inkişafına imkan verməyəcək.

Azərbaycana gəldikdə isə ölkəmizin Fələstin məsələsi ilə bağlı mövqeləri beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qərarlarına əsaslanır. Ölkəmiz bölgədə humanitar fəlakətin dərinləşməməsi üçün qlobal məsuliyyətini dərk edərək bütün mümkün addımları atır. Biz qütblərin qarşıdurmasının və ayrı-ayrı güc mərkəzlərinin daxili siyasətə hesablanmış oyunlarının iştirakçısı deyilik. Qənaətimə görə, prosesləri aktiv müşahidə edirik. Çünki bugünkü reallıqlar istər Yaxın Şərqdə, istərsə də Avropada cərəyan edən hadisələrin düyün nöqtələrinin açılmasına imkan vermir və mənə görə, 2024-cü il “böyük gözləntilər” deyil, “böyük gözləmələr” ili olacaq”.

Turan Rzayev
Globalinfo.az