ABŞ və Britaniyanın Yəmən planı – Böyük koalisiya qurulur?

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) mövqelərinə hücum edib. Qırıcılar, döyüş gəmiləri və sualtı qayıqlardan endirilən zərbələrlə husilərin Səna, Hudeyda, Səada, Hodeyda, Taiz və Dhamar şəhərlərindəki mövqeləri vurulub. Başda Almaniya olmaqla Aİ ölkələri ABŞ və Böyük Britaniyaya dəstək verəcəyini açıqlayıb.

Digər tərəfdən, Rusiya və İran hadisəni qınayaraq eskalasiyanın böyümə riskini qeyd edib.

Maraqlıdır, Qərb koalisiyası Yəmənə hərbi müdaxilə edəcək? Belə olan təqdirdə Rusiya və İranın mövqeyi necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, genişmiqyaslı əməliyyat olmayacaq:

“Bu əvvəldən elan olunmuşdu. Yəni bir dəfəlik zərbələr endirildi və əməliyyat bitdi. Koalisiyanın Yəmənə quru əməliyyatı keçirəcəyi və zərbələri davam etdirəcəyi gözlənilmir. Ən azı indi bu real görünmür. Bu səbəbdən də Yəmən müharibəsi barədə indilikdə əlavə ssenarilər mövcud deyil. Əksinə, bu zərbələr husiləri daha da gücləndirdi və artıq regionda onlarla hesablaşmağa başlayacaqlar.

Husilərin düşməni, 2015-ci ilin martından əməliyyat həyata keçirən Səudiyyə Ərəbistanı belə ABŞ-ın Qırmızı dəniz əməliyyat koalisiyasına qoşulmayıb. Çünki mövzu Fələstindir və ərəb ölkələri üçün Fələstin məsələsi qırmızı xətti təşkil edir. Ona görə də indilikdə daha geniş nəsə gözləmirəm. Ancaq husilər də gəmilərə hücumları davam etdirsələr, güman ki, Qırmızı dənizdə gərginlik qarşıdakı aylarda daha da artacaq”.

Turan Rzayev
Globalinfo.az