ABŞ Ukraynanı Rusiyaya təslim edir? – “Vaşinqton Post”un məqaləsinin anlamı

“Vaşinqton Post” nəşri Ukraynanın Rusiya ilə müharibədə zəifləməsi və bu səbəbdən əks-hücum əməliyyatlarını dayandıracağını bildirən məqalə dərc edib.

Vaşinqton bu məqalə ilə faktiki olaraq Ukraynanın yazda başlamağa hazırlaşdığı əks-hücum əməliyyatlarını şübhə altına alır.

Ukrayna Xarici İşlər Nazirliyi isə məqaləni təkzib edərək nə olur olsun, hücumun gerçəkləşəcəyini bildirib.

ABŞ dövlətinin nəzarətindəki media subyektlərinin bu tipli məqalələr dərc etməsi təsadüfi deyil. Bu, Rusiya tərəfindən ABŞ başda olmaqla Qərbin Ukraynaya hərbi və maliyyə yardımlarının tədricən azalacağı eyforiyası yaratmağa hesablanıb.

Məsələ ondadır ki, Vaşinqton Kremlin Ukrayna müharibəsində bütün gücünü tükətməsini istəyir. Bunun üçün isə Rusiya ordusunun ardıcıl hücumlar etməsi lazımdır. Aydın məsələdir ki, hücum edən tərəf müdafiə olunan tərəfə nəzərən daha çox itki verir. Bunu Vaşinqton da yaxşı bilir.

Mümkündür ki, Vaşinqton Avropa ölkələri ilə birlikdə Ukraynaya yardımlarını davam etdirəcək. Ukrayna ordusu aldığı yardımlar ilə ciddi müdafiə xətti qura və Rusiyanın hücumlarını dayandıra bilər. Rusiya ordusunun hücumları dayandırması isə öz növbəsində Ukraynanın arzuladığı əks-hücum əməliyyatlarının başlanmasına səbəb ola bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı