ABŞ Rusiya qazının Ukrayna ərazisindən keçən boru kəmərləri vasitəsilə Avropaya tədarükünün tezliklə bərpasının tərəfdarıdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu ideya ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner tərəfindən sentyabr ayında Moskvaya və Kiyevə səfərləri zamanı irəli sürülüb. Təklif Rusiya qazının Avropa sanksiyalarından yan keçmək üçün ABŞ vasitəçisi üzərindən satılmasını nəzərdə tutur.
“WSJ”nin iddiasına görə, Vaşinqton Avropanın qış ərəfəsində rekord dərəcədə aşağı qaz ehtiyatlarına malik olması fonunda bu ideyanı enerji daşıyıcılarının qiymətlərini azaltmaq vasitəsi kimi Avropa liderlərinə də təqdim etməyə çalışıb.
Qəzetin məlumatına görə, Ağ Ev Rusiya qazının satışından əldə ediləcək vəsaitin üçüncü tərəfin yurisdiksiyasında olan eskrou hesabında saxlanılmasını təklif edib.
Vurğulanıb ki, Vaşinqton “Şimal axını” qaz kəmərinin fəaliyyətinin bərpasını Ukrayna böhranının həlli ilə yanaşı, Rusiyanın ABŞ-nin Avropadakı müttəfiqləri ilə uzunmüddətli fikir ayrılıqlarının aradan qaldırılmasını da nəzərdə tutan daha genişmiqyaslı razılaşmanın “potensial mühüm tərkib hissəsi” kimi nəzərdən keçirir.(“Report”)