ABŞ-nin mehriban düşməni: ən böyük təhlükə odur – Politoloq

“SSRİ-in dağılması ilə Soyuq müharibə bitdi və birqütblü dünyada Amerika Birləşmiş Ştatlarının hegemonluğu artdı. Ancaq 2000-ci illərdən etibarən Vaşinqtonun çətinlikləri başladı. Rusiya, Çin, Hindistan və Braziliya kimi ölkələr öz bölgələrində fəallıqlarını artırdılar. Buna baxmayaraq, Vaşinqton öz liderliyi uğrunda siyasi və diplomatik mübarizəsini davam etdirir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri  politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Vaşintonda Rusiyadan çox, Çini əsas təhdid kimi qiymətləndirirlər:

“Pekin Vaşinqtonun strateji rəqibidir. ABŞ-nin siyasi və ekspert dairələrində belə bir fikir var ki, Çin beynəlxalq münasibətləri özü istədiyi kimi formatlaşdırmağa çalışır. ABŞ-nin Çinə qarşı bu sahədə müqavimət siyasəti Donald Trampın prezidentliyi dövründə başladı. Hazırkı prezident Co Bayden bu siyasəti davam etdirir.

Bayden Çinlə mübarizə aparmaqla yanaşı, dialoqdan da imtina etmir. O, Çin lideri Si Szinpinlə ara-sıra görüşür, müxtəlif mövzularda fikir mübadiləsi aparır. Bayden Si Szinpinə açıq şəkildə deyib ki, Vaşinqton Pekinlə həm mübarizə aparacaq, həm də əməkdaşlıq edəcək”.

Politoloq qeyd edib ki, Vaşinqton Pekinin bir başqa siyasətindən də narahatdır:

“Blumberq” agentliyinin məlumatına görə, ABŞ Afrika ölkələrinin Çinə borclarını ödəməkdə çətinlik çəkdiyi üçün borc şərtləri ətrafında şəffaflığın artırılmasını tələb edəcək. Dövlət Departamentinin iqtisadi artım, enerji və ətraf mühit məsələləri üzrə katibi Xose Fernandes deyib ki, Vaşinqton “bu ölkələrin xalqlarını sıxışdıran sarsıdıcı borcdan necə çıxa biləcəklərini anlamağa çalışacaq”. Fernandes bu sözləri Vaşinqtonda 40-dan çox dövlət başçısının qatıldığı ABŞ-Afrika Liderləri Sammiti çərçivəsində verdiyi müsahibədə deyib. Prezident Co Bayden ABŞ-nin Çinin nüfuz qazandığı qitə ilə əlaqələrini canlandırmaq istəyir. Çinin ABŞ-dəki səfirliyinin sözçüsü Liu Penqyu isə bildirib ki, Çin inkişaf etməkdə olan ölkələrin, o cümlədən Afrika ölkələrinin üzləşdiyi borc məsələlərinə “böyük əhəmiyyət verir” və onlara “borc təzyiqini” azaltmağa kömək etmək öhdəliyi götürüb”.

Turan Rzayev
Globalinfo.az