Fransa Azərbaycanla barışır? – Parisin iki yolu var

ABŞ-Azərbaycan münasibətlərində yaşanan gərginlik artıq səngiyir. Vaşinqtonun geri addım atması fonunda prosesin dəyişdiyini demək olar. İranla da yaxınlaşma prosesi davam edir. Hazırkı mərhələdə yalnız Fransa ilə gərginlik qalmaqdadır.

Maraqlıdır, Azərbaycan intriqa ocaqlarını tam söndürüb, yeni mərhələyə başlaya biləcəkmi? Fransa ilə anlaşma mümkün olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, ABŞ Azərbaycanı itirmək istəmir:

“Bu ölkədə erməni lobbisi güclü olsa da, regional və geosiyasi maraqları çərçivəsində Azərbaycanla də münasibətləri pozmaq istəmir. Ümumiyyətlə, Vaşinqton regional, geosiyasi və iqtisadi maraqlarını hər şeydən üstün tutur. Hətta bunun üçün müharibələr başladıb, müharibələr bitirməyi belə gözə alır. Bu gün Azərbaycan da ABŞ üçün olduqca strateji və mühüm ölkədir. Cənubi Qafqazın aparıcı ölkəsi məhz Azərbaycandır. Bunu ABŞ da yaxşı bilir.

Ramiyə Məmmədova

Asiya ilə Avropanı birləşdirən Azərbaycan bu gün meqalayihələr icra edir, günü-gündən zənginləşir. Bundan başqa, Azərbaycan bir çox təşkilat daxilində də nüfuza malikdir. Yəni həm iqtisadi, həm də diplomatik müstəvidə Azərbaycan güvənilir tərəfdaşdır.

ABŞ-ın Cənubi Qafqaz, habelə Mərkəzi Asiya siyasəti üçün Azərbaycana ehtiyacı var. Bundan başqa, Bakı Avropanın qaz təminatı baxımdan da mühüm missiyanı üzərinə götürüb. Hesab edirəm, bütün bu amillər ABŞ-ı Bakı ilə münasibətləri normallaşdırmağa sövq etdi.

O ki qaldı Fransaya, Paris Vaşinqtona nəzərən daha kiçik oyunçudur. Yəni Vaşinqtonun verdiyi qərardan sonra Paris də geri addım atacaq. Atmasa belə, ritorikasını yüngülləşdirə bilər”.

Turan Rzayev
Globalinfo.az