abs konqresi1a 1

ABŞ-ın 87 nəfər konqresmeni (Nümayəndələr Palatasının təxminən 20%-i) prezident Donald Trampın administrasiyasına məktub göndərərək ermənilərin Qarabağa qayıtmasına dəstək verməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Ermənistan Milli Komitəsi (ANCA) məlumat yayıb.

Müraciət həm Demokrat, həm də Respublikaçı partiyaların nümayəndələri tərəfindən hazırlanıb. Sənədə ABŞ Konqresindəki Ermənistanla dostluq qrupunun həmsədrləri – Frenk Pallon, Qas Bilirakis, Brad Şerman və Devid Valadao rəhbərlik ediblər.

Konqresmenlər İsveçrə parlamenti tərəfindən qəbul edilən və ermənilərin Qarabağa beynəlxalq zəmanətlər altında təhlükəsiz qaytarılmasını nəzərdə tutan beynəlxalq danışıqlar platformasının yaradılmasını ehtiva edən sülh təşəbbüsünü Tramp administrasiyasının dəstəkləməsini istəyirlər.

Onlar həmçinin BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü ilin dekabrında qəbul etdiyi qərarı xatırladırlar. Həmin qərarda Azərbaycana ermənilərin Qarabağa təhlükəsiz qaytarılmasını təmin etmək öhdəliyi qoyulub.

Qeyd olunur ki, İsveçrənin təşəbbüsü iyulun 10-da Konqresdə keçirilən geniş dinləmələrdə ətraflı müzakirə edilib. Tədbirdə 200-ə yaxın konqres əməkdaşı, insan hüquqları fəalları və politoloqlar iştirak ediblər.

Müzakirələrə İsveçrə parlamentinin deputatları, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan, “Christian Solidarity International” təşkilatının rəhbəri Con Aybner və digər şəxslər də qatılıblar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: