Robert Menendez

ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən 2019-cu ildə Azərbaycana səfir təyin olunan Örl Litzbergerin səlahiyyət müddəti ötən ilin iyul ayında başa çatıb. Buna baxmayaraq, rəsmi Vaşinqton hələ də Azərbaycana yeni səfir təyin etməyib.

2022-ci ilin may ayının 25-də Co Bayden Mark Libbi adlı diplomatın Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürsə də, bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin iyun ayının 22-də Bayden Kristin Kvinin Ermənistana səfir təyin olunmasını təklif edib, 6 ay keçməmiş Senat onun namizədliyinə razılıq verib və bu ilin fevral ayında etimadnaməsi Ermənistan prezidentinə təqdim edilib.

Bayden administrasiyasının Rusiyaya sonuncu səfir təyinatı prosesi isə cəmi 3 ay çəkib. Lin Treysi Rusiyadakı səfir postuna sentyabrın 20-də namizəd kimi göstərilib, dekabrın 21-də Senat onun səfir təyinatına “yaşıl işıq” yandırıb.

Maraqlıdır, ABŞ-ın Bakıya səfir təyinatı niyə gecikir?

Elsən Məcidov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşən Məcidov deyib ki, səfir təyinatının gecikməsi ABŞ senatının Nyu-Cersi ştatından olan ermənipərəst senator Robert Menendezlə bağlıdır:

“ABŞ xarici siyasətinin formalaşmasında senat daha çox paya sahibdir. Bundan başqa, vacib təyinatların bir çoxu məhz senat tərəfindən təyin edilir. Misal üçün, müdafiə naziri, dövlət katibi, səfirlər, konsullar və s.

Robert Menendezin həyat yoldaşı erməni əsilli bir qadındır. Bundan başqa, onun erməni lobbisi və diasporu ilə, habelə tanınmış erməni milyarderlərlə çox sıx əlaqələri var.

Menendez ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirəcək bir səfirin təyin edilməsini istəmir. O, daha çox daxili siyasətə müdaxilə edəcək, Azərbaycan hakimiyyətini narazı salacaq şəxsin təyin edilməsinə çalışır. Bayden administrasiyası da başa düşür ki, rəsmi Bakı belə bir şəxsin səfir təyin edilməsinə icazə verməyəcək.

Hazırda paradoksun yaranması ABŞ-ın səfir təyinatını gecikdirir. Lakin bu vəziyyət axıra qədər davam edə bilməz. Bayden administrasiyası məsələ ilə bağlı artıq ciddi narazılıq bildirir, hətta Menendez və erməni lobbisi ilə əlaqəsi olan bəzi senatorlar haqqında araşdırma başladılıb”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: