
ABŞ-ın Azərbaycana təyin olunan yeni səfiri Mark Libbi bu həftənin sonunda Bakıya gələcək. Səfirin işə başlaması iki ölkə arasında soyuq küləklərin əsdiyi vaxta təsadüf edir.
Maraqlıdır, münasibətlərin bərpasında onun nə kimi xidməti ola bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov qeyd edib ki, münasibətlərin bu səviyyəyə gəlməsinin səbəbkarı ABŞ-dır:
“Uzun illər dünyanın müxtəlif bölgələrində neoimperialist maraqlar üçün xalqları qızışdıran, digər dövlətlərin daxili ictimai-siyasi sabitliyini təhdid edən ABŞ öz neoimperialist siyasətini təlqin etməyə çalışırdı. Onun Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı həm 30 illik işğal, həm postişğal dövründə tutduğu mövqe qərəzə söykənirdi”.

Tural İsmayılov
Politoloqun sözlərinə görə, M.Libbi çox böyük bir vəzifəni üzərinə götürür:
“ABŞ-ın Azərbaycandakı səfirləri ilə bağlı yaxşı və pis tendensiyalar mövcuddur. Məsələn, Metyu Brayza Azərbaycanın haqlı tələblərini daima dilə gətirib. Səfir kimi işlədiyi dövrdə, hətta ondan sonra belə həmin yanaşmanı nümayiş etdirib. Riçard Kozlariç isə bu gün də müxtəlif fondların əlində oyuncağa çevrilib”.
T.İsmayılov vurğulayıb ki, M.Libbi fəaliyyətə başlayacağı vaxt Azərbaycanda müxtəlif tərəflərlə müzakirələr aparacaq:
“Bu da təbii və başadüşüləndir. Hesab edirəm ki, ABŞ-ın USAID və digər fondlarının Azərbaycanın daxili işlərinə qarışmaq, ölkədə vəziyyəti qızışdırmaq və milli dəyərlərimizə zidd olan “ideologiyaları” maliyyələşdirməklə bağlı mövqeyində korrektələr edilməlidir. Əks təqdirdə iki ölkənin münasibətlərində gərginlik hələ uzun müddət davam edəcək”.
Safura Bənnayeva
Globalinfo.az