Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul etdi. Görüş zamanı tərəflər gələcəkdə Zəngəzur dəhlizinin potensialından Rusiyanın istifadə imkanlarının araşdırılması ilə əlaqədar məsələləri müzakirə edib.
Bundan başqa Azərbaycanda müasir gəmiqayırma sahəsinin imkanlarından istifadə edilməsi ilə bağlı fikir mübadiləsi də aparılıb.
Maraqlıdır, rəsmi Bakı bununla Rusiyanın Qafqazda və Azərbaycanda hərbi varlığını iqtisadi iştirakla əvəzləmək istəyir? Zəngəzur dəhlizi açılsa sülhməramlıların vaxtından tez Qarabağdan çıxarmaq mümkün ola bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanın Rusiyaya qarşı xüsusi bir aqressiyası yoxdur və əməkdaşlıqda maraqlıdır:
“İyunun 12 də Prezident İlham Əliyevin Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin ilə keçirdiyi görüş işgüzar xarakter daşıyır. Görüşün əsas diqqətçəkən məqamı şübhəsiz Zəngəzur dəhlizinin potensialından Rusiyanın istifadə imkanlarının araşdırılması ilə əlaqədar məsələlərin müzakirə edilməsi oldu.
Qabil Hüseynli
Rəsmi Bakı Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Hətta bu istiqamətdə Rusiya ilə ortaq hərəkət etmək də olar. Prinsip etibarilə Rusiya 10 noyabr bəyanatı imzalayan tərəflərdən biridir və icrası istiqamətində də öhdəlikləri var. Kreml başa düşür ki, Zəngəzur dəhlizində pay sahibi olması həm regionda varlığı baxımdan, həm də geosiyasi baxımdan ona əlavə dividentlər qazandıra bilər. Buna görə də Bakı ilə təmaslar qurur.
Azərbaycan da öz növbəsində bu danışıqlardan məmnundur. Hesab edirəm, Rusiya vasitəsilə Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistana təzyiq edə bilərik”.
Politoloq hesab edir ki, Rusiya-Ukrayna müharibəsində uduzmadığı təqdirdə radikal qərarlar vermək doğru deyil:
“Rusiya əvvəlki qüdrətinə sahib deyil. Bundan başqa Ukrayna müharibəsi hələ davam edir. Rusiya bu müharibədə hələlik məğlub tərəf deyil. Ermənistan Rusiya əleyhinə radikal qərarlar versə də yeri gəldikdə Kreml ilə dialoq qurmaqdan çəkinmir. Belə olan təqdirdə bizim Rusiya əleyhinə addım atmamız Ermənistanın əlini gücləndirə bilər. Bu mənada hökumətin izlədiyi balans siyasəti uğurlu və uzaqgörəndir”.
Turan Rzayev
Globalinfo.az