ABŞ Çinin dünya liderliyini belə əngəlləyir – Politoloq

 

“Rəsmi Pekinin son illərdə siyasi və hərbi ritorikası sərtləşsə də, Çin hakimiyyəti Vaşinqtonla münasibətlərin normallaşması yollarını axtarır. Çin lideri Si Szinpin ABŞ-la iqtisadi əlaqələri əvvəlki axarına qaytarmaq istəyir. ABŞ Prezidenti Co Bayden də hərbi müşavirlərinə deyib ki, Çinlə münaqişə istəmir”.

Globalinfo.az bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O, Pekinlə Vaşinqton arasında dialoqun genişləndirilməsi üçün imkanların olduğunu deyib:

“Ancaq Pekinin Tayvanla bağlı iddiası iki ölkə arasında yaxınlaşmağa problemlər yaradır. ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton Çinə Tayvan adasını ələ keçirməyə imkan verməyəcək. Si Szinpin ABŞ-la toqquşmaq istəməsə də, Çin Kommunist Partiyasının qurultayında deyib ki, Tayvanı istənilən vasitə ilə Çinə birləşdirəcək. ABŞ-ın “Atlantik” nəşrinin yazdığına görə, Ağ Ev sahibi Çinə yarımkeçiricilərin və çiplərin ixracını qadağan edib. Bu, Çinin texnoloji baxımdan ABŞ-la eyni sırada olmaq imkanlarına zərbədir”.

Politoloqun sözlərinə görə, Vaşinqton Çinin texnoloji sahədə dünya lideri olmasını əngəlləyir:

“Bundan qəzəblənən Pekin hərbi yarışda ABŞ-a cavab verməyə çalışır. Çin Asiya-Sakit okean bölgəsində donanmasının sayını artırıb. Ancaq bu siyasət Çinə əlavə problemlər yaradır. Çünki Çinin bu bölgədə hərbi gücünü artırması ABŞ-la yanaşı, Yaponiya, Hindistan, Avstraliyanı da narahat edib və bu ölkələr Pekinə qarşı ittifaq formalaşdırıblar.

ABŞ-ın nüfuzlu “Vol Strit Jurnal” dərgisinin yazdığına görə, Si Szinpin hakimiyyətdə kadr dəyişiklikləri edərək, hücum diplomatiyasına üstünlük verənləri vəzifələrə təyin edir. Məsələn, Si Szinpinin ABŞ-a təyin etdiyi 56 yaşlı səfir Sin Qan amerikalılarla daha sərt davranmağın tərəfdarıdır. Bu səfirin gələcəkdə Çinin xarici işlər naziri təyin olunacağı da istisna deyil”.

Turan Rzayev, Globalinfo.az