ABŞ-dan Azərbaycana sanksiya təhdidi ciddi rezonans doğurub. Prezident İlham Əliyev ötən gün Moskvada Rusiya KİV-ə müsahibəsində bu məsələyə toxunub. Diqqətçəkən məqam ABŞ-ın növbəti dəfə ikili standart siyasətinə sadiq qalmasıdır. Bir müddət əvvəl Vaşinqtonun Azərbaycanın nüfuzlu məmur və hərbçilərinə sanksiya tətbiq edəcəyi haqda da xəbərlər yayılmışdı.
Maraq doğuran əsas məsələ ABŞ-ın Ermənistanla bağlı yanaşmasıdır. Belə ki, İrəvan Rusiyaya sanksiyalardan yayınmaq üçün ciddi dəstək versə də, Ağ Ev buna göz yumur.
ABŞ-ın bu yanaşmasının arxasında hansı amil dayanır?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar siyasəti doğru deyil:
“Sanksiyalar təzyiq aləti kimi fərqli dövlətlərin milli maraqlarına qarşı istifadə edilir. Sanksiyalar obyektiv şəkildə, doğru tətbiq olunmalıdır.
Hikmət Babaoğlu
Hüquqa zidd olmayan formatda sanksiyaların gücündə istifadə edilməlidir. Sözügedən prosesdə də ABŞ ikili standartlara istinad edir. Məsələn, Rusiyanı cəzalandırmaq məqsədi ilə sanksiyalar tətbiq etdiyi halda bunu pozan şirkətləri cəzalandırır. Amma nəyə görəsə sanksiyaları pozan Ermənistanın əməllərinə göz yumur”.
Hikmət Babaoğlunun sözlərinə görə, bu halda ABŞ-ın sanksiyaların tətbiqi ilə bağlı əldə etmək istədiyi səmərəlilik itir:
“Eyni zamanda sanksiyaların pozulmasına görə ikili standartlar yaranır. Buna görə də Prezident İlham Əliyevin sanksiya müharibələrinə münasibəti tamamilə doğru idi. Proses onu göstərdi ki, hər hansı nəticə əldə etmək üçün sanksiya tətbiq edilməməlidir. Təhdid formalarının özü hüquqa ziddir. Bir ölkənin, xalqın vergiləri əsasında formalaşmış maliyyə resursuna heç bir başqa ölkənin məhdudiyyət qoymağa haqqı yoxdur”.
Safura Bənnayeva
Globalinfo.az