“Bir neçə diplomat nəsli Azərbaycan və Ermənistan arasında illərlə davam edən münaqişəni həllolunmaz hesab edirdilər, lakin bu yanaşma ABŞ Prezidenti Donald Trampın yenidən vəzifəsinə qayıtması ilə başa çatdı”.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff “Washington Examiner” nəşrində dərc olunmuş məqaləsində yazıb.
Uitkoffun sözlərinə görə, Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində proses 2025-ci ilin martında Bakıya səfərlə başladı:
“Artıq ilk təmasdan etibarən aydın oldu ki, ABŞ indiyədək Azərbaycan və İlham Əliyev ilə münasibətlərə lazımi diqqət ayırmayıb.
Azərbaycan Prezidenti sülhə nail olmaq üçün çətin, lakin zəruri addımlar atmağa hazır güclü, qətiyyətli lider kimi özünü göstərdi. İ.Əliyev həm öz ölkəsinin maraqlarını, həm də regional sabitliyin daha geniş gündəliyini anlayan bir insan təəssüratı yaratdı. Bu səfər komandamızı irəliləyişin mümkün olduğuna inandırdı.
Eynilə, Ermənistanda biz Baş nazir Nikol Paşinyanın simasında bəzən populyar olmayan, lakin xalqının maraqları naminə ən yaxşı qərarlar qəbul etməyə qadir praqmatik və cəsarətli bir lideri kəşf etdik.
Sonrakı beş ay ərzində biz Bakı və İrəvanda intensiv danışıqlar apardıq. Bundan sonra aydın oldu ki, münaqişəyə fərqli aspektdən baxmaq lazımdır.
Azərbaycanın Naxçıvan bölgəsinə maneəsiz çıxış ehtiyacı uzun müddət perspektivsiz mübahisə kimi nəzərdən keçirilirdi. Bu məsələdə yeni düşüncəyə, yaradıcı yanaşmaya və ən əsası liderliyə ehtiyac var idi.
Bu liderliyi ilk olaraq Tramp nümayiş etdirdi ki, bu da imkanlar pəncərəsini açdı və nəticədə TRIPP konsepsiyası meydana gəldi”.
O, ABŞ-nin son bir il ərzində bu sazişin həyata keçirilməsi üçün Ermənistan və Azərbaycanla işlədiyini bildirib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi hazırda Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olduğunu qeyd edib:
“Cənubi Qafqaz bu gün daha təhlükəsiz və sabitdir, çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçdilər”.