İranın cənub-şərqində, Sistan və Bəlucistan əyalətinin Sərbaz rayonunda silahlı hücum nəticəsində din xadimi Bəşir Salahzehi öldürülüb.
Globalinfo.az “Azad İran”ın “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə insan hüquqları sahəsində fəaliyyət göstərən “Haalvsh” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə saat 14:00 radələrində Malek-Abad və Şişkan yaşayış məntəqələrini birləşdirən yolda baş verib. Molla Bəşir kimi tanınan Salahzehiyə naməlum şəxslər tərəfindən bir neçə dəfə atəş açılıb. Aldığı güllə yaraları nəticəsində o, hadisə yerində ölüb.
“Haalvsh” nəşrinin mənbələri mərhumun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı olduğunu, yerli komandirlərdən biri kimi fəaliyyət göstərdiyini və bu quruma məxsus mobil bazaya sahib olduğunu iddia edib.
Hücumun kimlər tərəfindən həyata keçirildiyi və qətlin hansı səbəbdən törədildiyi hələlik müəyyənləşməyib. Nəşr hadisə ilə bağlı məlumatları araşdırmaqda davam edir.
Əliyar Xəlil,