sallaq

İranda qadınların geyimi və incəsənət fəaliyyəti ilə bağlı məhdudiyyətlər yenidən beynəlxalq müzakirələrə səbəb olub. Belə ki, 29 yaşlı iranlı müğənni Pərəstü Əhmədi iki il əvvəl səhnələşdirdiyi və internetdə yayımladığı “Karvansara konserti”nə görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb. Qum məhkəməsinin qərarı noyabrın 23-də icra olunub və müğənni ilə yanaşı, onu müşayiət edən dörd kişi musiqiçiyə də eyni cəza verilib. Söhbət 2024-cü ilin dekabrında çəkilən, Əhmədinin hicabsız və kişi musiqiçilərlə birlikdə çıxış etdiyi konsertdən gedir. Qeyd edək ki, Yutubda milyonlarla baxış toplayan həmin ifaya görə sənətçilərə iki il müddətinə musiqi fəaliyyəti ilə məşğul olmaq və ölkədən çıxmaq qadağası da qoyulub.

Bir insanın geyiminə və musiqi fəaliyyətinə görə bu cür cəzaya məhkum edilməsi beynəlxalq insan hüquqları normalarına zidd deyilmi? Belə qərarların icrası ilə bağlı beynəlxalq təşkilatlar hansı hüquqi və praktiki addımları ata bilər? Bu hadisə incəsənət və yaradıcılıq azadlığı baxımından nəyi göstərir? Sərt cəzalar sənət adamlarını susdurmağa nə dərəcədə təsir edir, yoxsa əksinə, onların daha geniş auditoriyaya çatmasına səbəb olur?

Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, bu, çox ağır və qəbuledilməz cəzadır:

novella ozel 12 1

Novella Cəfəroğlu

“Həmin şəxslər beynəlxalq təşkilatlara müraciət etsələr, onlara müəyyən dəstək göstərilə bilər. Lakin İranda məhkəmə sistemi mövcud rejimin nəzarəti altında fəaliyyət göstərdiyi üçün bunun ciddi nəticə verəcəyini düşünmürəm. Biz hüquq müdafiəçiləri olaraq məsələni beynəlxalq hüquq müdafiə təşkilatlarına çatdıra, bu istiqamətdə birgə fəaliyyət göstərə bilərik. Bu, ilk belə hal deyil. İranın bu cür addımlarına son qoyulması və insanların bu vəziyyətdən xilas edilməsi üçün beynəlxalq ictimaiyyəti dövlətlərə İrana təzyiq göstərilməsi ilə bağlı çağırış etməyə səsləyə bilərik”.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (İB) sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə bildirib ki, hər bir dövlətin özünəməxsus qanunları, qadağaları, sənətə, həyat tərzinə, söz və fikir azadlığına dair müəyyən standartları var:

“İnsanın tanınmış sənətçi olması, istedadı və ya fikirlərini sənət vasitəsilə cəmiyyətə çatdırmaq istəyi onu həmin ölkənin qanunlarına əməl etmək öhdəliyindən azad etmir. Əks halda, bu, rəsmi qurumlarla problemlərin yaranmasına səbəb ola bilər. Dünyanın bir çox ölkəsində, xüsusilə keçmiş SSRİ-də və sosialist düşərgəsinə daxil olan dövlətlərdə dissidentlik hərəkatı mövcud olub. Dissidentlər siyasi quruluşa qarşı fikirlərini sənət dili, bəzən Ezop dili, bəzən də sərt tənqid vasitəsilə ifadə edirdilər. Bununla belə, onlar mövcud qayda-qanunları və rejimin tələblərini nəzərə alaraq, obrazlı ifadələrdən, gizli mənalardan, mətnaltı fəlsəfi, siyasi və ictimai mesajlardan istifadə etməklə öz mövqelərini cəmiyyətə çatdırmağa çalışırdılar. Təəssüf ki, Azərbaycanda və dünyanın bir çox ölkəsində bu mövzuda məlumatlılıq azdır. İnsanlar bəzən istədiklərini etməyi sərbəstlik hesab edirlər. Halbuki sərbəstlik yalnız intellektual, estetik və etik çərçivələr daxilində olduqda azadlıq anlayışına uyğun gəlir. İranda qadınların hüquq və azadlıqları ilə bağlı vəziyyət daha mürəkkəbdir. Məsələn, boşanma zamanı qadınların kişilərlə müqayisədə daha çox hüquq və əmlak əldə etmək imkanları var”.

aydinxan ebilov

Aaydın Xan Əbilov

İB sədri qeyd edib ki, bu, əvvəlcədən planlaşdırılmış konsert idi:

“İfaçılar həmin addımın hansı nəticələrə səbəb ola biləcəyini bilməli idilər. Çünki bundan əvvəl də İranda sənət adamları, o cümlədən baş örtüyü olmadan ictimaiyyət qarşısına çıxan qadınlar təqiblərə məruz qalmışdılar. Dövlət qurumlarının, polisin və xüsusi xidmət orqanlarının etirazçılarla məşğul olduğu bir vaxtda belə bir konsert təşkil etmək İran rejiminin sərt reaksiyasına səbəb ola bilərdi. Nəticədə ifaçılar da cəzalandırıldılar. Əlbəttə, insani baxımdan bu cür cəzalandırmanı düzgün hesab etmək olmaz. Hamımız bilirik ki, sənət adamları sərbəst olmalıdırlar. Lakin yenə də İranın mövcud qanunvericiliyi baxımından onların bu addımı ciddi hüquqi problemlərə yol açacaqdı. Təsəvvür edin ki, Qarabağ müharibəsi zamanı, şəhidlər verdiyimiz bir dövrdə Azərbaycanın hər hansı müğənnisi erməni mahnılarını ifa edir, yaxud Azərbaycan mədəniyyətinə aid olan “Sarı gəlin”i erməni dilində oxuyur. Cəmiyyətin buna necə reaksiya verəcəyini təsəvvür etmək çətin deyil. Dünya şöhrətli Ququşun xaricdə erməni musiqisi ifa etməsi də vaxtilə Azərbaycanda ciddi etirazla qarşılanmışdı. Hətta bir müddət Türkiyədən yayılan erməni mahnısı Azərbaycanda da populyarlaşanda həmin əsəri ifa edən gənclər ictimai qınağa məruz qalırdılar.

İndi isə başqa bir ölkədə oxşar hadisə baş verir və biz həmin ölkənin qayda-qanunlarını nəzərə almamağa meyil göstəririk. Bu nə dərəcədə doğrudur? Pərəstü xanım nə qədər istedadlı müğənni olsa da, mən onu İran musiqisinin gözəl nümunələrindən biri hesab etsəm də, bu addımını qəbul etmirəm. Hesab edirəm ki, belə davranış düzgün deyil. Ən azı mövcud qanunvericilik və ictimai düşüncə dəyişənə qədər sənət adamları bu məsələlərdə daha diqqətli olmalıdırlar”.

Kulturoloq əlavə edib ki, Azərbaycanda da bəzi müğənnilər açıq-saçıq geyimlərdə konsertlər verirlər:

“Həmin konsertlər məscidlərdə və ya bizim üçün müqəddəs sayılan məkanlarda təşkil olunsaydı, cəmiyyət buna necə yanaşardı? Bu baxımdan, başqa ölkələrin də ictimai və mədəni həssaslıqlarını nəzərə almaq lazımdır. Qərb qüvvələri qadın və kişi azadlığı, eləcə də müxtəlif davranış modelləri vasitəsilə milli-mənəvi dəyərlərdən uzaqlaşmanı təşviq edərək mövcud rejimlərə qarşı təzyiq göstərməyə və onları devirməyə çalışırlar. Təəssüf ki, bəzi sənətçilər bu proseslərin mahiyyətini dərk etmədən həmin təsirlərə düşür, nəticədə həm özlərinə, həm ətraflarına, həm də yaradıcılıqlarına zərər vururlar. Üstəlik, söhbət qonşu ölkədən gedir və bu proseslərin Azərbaycana da təsiri ola bilər.

Yaradıcılıq sərbəst olmalıdır, lakin bu azadlıq dağıdıcı xarakter daşımamalı, harmoniyaya xidmət etməlidir. İstər İranda, istərsə də Azərbaycanda yaradıcı fəaliyyət cəmiyyətin inkişafına, onun estetik, etik, mənəvi, kreativ və kulturoloji baxımdan zənginləşməsinə töhfə verməlidir. Bu baxımdan, Azərbaycanda da yaradıcı insanlardan, televiziya və kütləvi informasiya vasitələrindən, eləcə də sosial şəbəkə istifadəçilərindən etik qaydalara və milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq tələb olunur. Əgər ölkəmizdə də belə bir hadisə baş versə, həmin şəxslər müəyyən ictimai və peşə məhdudiyyətləri ilə üzləşə bilərlər. Düzdür, onları qamçılamazlar, amma efirə çıxışları məhdudlaşdırıla, konsertlərə dəvət olunmaya, hətta insanlar onları öz toy məclislərində görmək istəməyə bilərlər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: