Ermənistan hökuməti ABŞ ilə birgə həyata keçiriləcək TRIPP layihəsinin icrası üçün təsis olunacaq şirkətin səhmdarları arasında imzalanması nəzərdə tutulan sazişi təsdiqləyib. Sənədin imzalanması Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinə həvalə olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında məlumat verib.
O bildirib ki, sazişin mətni artıq razılaşdırılıb və yaxın bir həftə ərzində rəsmiləşdiriləcək:
“Sənəd imzalandıqdan sonra şirkət Ermənistanda dövlət qeydiyyatına alınacaq və fəaliyyətə başlayacaq. Layihənin reallaşdırılması istiqamətində ilkin hazırlıq tədbirləri artıq görülüb.
Dəmir yolu xəttinin keçəcəyi ərazilərdə təmizləmə işləri aparılır, tikinti üçün zəruri sahələr hazırlanır. Bununla yanaşı, avtomobil və dəmir yollarının, eləcə də elektrik ötürücü xətlərinin layihələndirilməsi davam etdirilir.
Şirkət tam formalaşdıqdan sonra görülən hazırlıq işləri ona təhvil veriləcək və layihənin icrası fasiləsiz davam etdiriləcək”.
Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Kristine Qaleçyan isə yeni şirkətin səhmlərinin bölüşdürülməsi ilə bağlı detalları açıqlayıb:
“Qapalı səhmdar cəmiyyəti formasında yaradılacaq qurumda ABŞ 74, Ermənistan isə 26 faizlik paya sahib olacaq.
ABŞ-a məxsus səhmlərin idarə olunması Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) törəmə şirkətinə həvalə ediləcək. Beş nəfərdən ibarət direktorlar şurasında ABŞ üç, Ermənistan isə iki nümayəndə ilə təmsil olunacaq.
Sazişə əsasən, 16 kateqoriyaya aid məsələlər üzrə qərarların qəbul edilməsi üçün hər iki tərəfin razılığı tələb olunacaq. Bu məsələlərə investorların müəyyənləşdirilməsi, layihəyə yeni tərəflərin cəlb edilməsi, konsessiya müqavilələrinin şərtləri və şirkətin əsas maliyyə qərarları daxildir.
Bununla yanaşı, layihə üzrə konsessiya hüququnun verilməsi səlahiyyəti Ermənistan hökumətində saxlanılacaq”.
Safura Bənnayeva
Globalinfo.az