WhatsApp Image 2026 11 26 at 10.47.03

Paytaxtda ilk dəfə avtobuslar üçün xüsusi işıqforların quraşdırılması planlaşdırılır. İlkin mərhələdə bu işıqforun Səbail rayonu ərazisindəki mövcud “L” tipli dirəkdə yerləşdirilməsi nəzərdə tutulur. Layihəyə uyğun olaraq, həmin dirəkdə “T” formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi işıqfor quraşdırılacaq.

Bu layihə avtobusların iş sisteminə necə təsir edəcək?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, burada əsas məsələ avtobusların xüsusi zolaqlarla hərəkət etməsi və digər nəqliyyat vasitələri ilə müqayisədə onların hərəkətinin ayrıca tənzimlənməsinə ehtiyac yaranmasıdır:

“Məsələn, bir sıra ərazilərdə avtobus zolağı olmasa da, avtobusların marşrut üzrə hərəkəti zamanı sola dönməsinə ehtiyac yaranır. Halbuki həmin istiqamətdə digər nəqliyyat vasitələrinin sola dönməsi qadağandır. Lakin avtobusun hərəkət trayektoriyası və müəyyən edilmiş marşrutu bunu tələb edir. Əvvəllər belə hallar qayda pozuntusu hesab olunurdu. Daha sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə avtobusların marşrut üzrə hərəkəti zamanı müəyyən yol hərəkəti qaydalarının tələblərindən kənara çıxmasına icazə verildi. Hazırda isə avtobus zolaqlarının əksəriyyətinin yolun sağ tərəfində təşkil olunması əlavə çətinliklər yaradır”.

elmeddin45

Elməddin Muradlı

Ekspert bildirib ki, bəzi marşrutlar üzrə hərəkət edən avtobuslar sola dönmək üçün bir neçə hərəkət zolağını keçməli olurlar:

“Bu zaman digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranır, eyni zamanda, təhlükəli vəziyyət ortaya çıxır. Bəzi hallarda bu, sadəcə adi yol hərəkəti qaydasının pozulması deyil, ciddi qəza riskinə səbəb ola biləcək təhlükəli manevrdir. Məhz bu cür halların qarşısını almaq və avtobusların hərəkətini təhlükəsiz şəkildə tənzimləmək üçün xüsusi işıqfor sisteminin tətbiqinə ehtiyac var idi. Bu məsələni ötən ildən etibarən AYNA-da müzakirə etmişik.

Məsələn, 28 May ərazisində avtobus zolağı ilə hərəkət edən nəqliyyat vasitəsi Azadlıq prospekti və Azadlıq meydanı istiqamətində dönməlidir. Bu zaman avtobus faktiki olaraq üç hərəkət zolağını kəsib keçməli olur. Digər nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yolda bu manevrin adi qaydada yerinə yetirilməsi həm avtobus, həm də digər sürücülər üçün risk yaradır”.

E.Muradlının fikrincə, xüsusi işıqfor sisteminin tətbiqi müsbət addımdır:

“Belə ki, digər nəqliyyat vasitələrinin hərəkəti dayandırıldıqda avtobus üçün yaşıl işıq yanır və o, heç bir maneə ilə qarşılaşmadan, digər avtomobillərin hərəkət trayektoriyasını kəsmədən öz marşrutu üzrə hərəkətini davam etdirə bilir. Beləliklə, həm avtobusların hərəkəti asanlaşır, həm də yollarda mümkün təhlükəli vəziyyətlərin qarşısı alınır. Bu yeniliyi yol hərəkətinin təhlükəsizliyi baxımından əhəmiyyətli hesab edirəm və dəstəkləyirəm”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: