İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə Batumidə qarşılaşmaq üçün Gürcüstana yollanan “Beşiktaş”ın təyyarəsi təhlükəli anlar yaşayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Beşiktaş” klubunun idman direktoru Önder Özen danışıb.
O bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən təyyarə məcburi şəkildə Rizeyə enib.
“Qara qartallar” Rizedən Batumiyə avtomobillə təxminən üç saat yol qət edərək çatıblar.
Məlumata görə, təyyarəni havada ildırım vurub.
Klub direktoru səfər zamanı ciddi təhlükə ilə üzləşdiklərini söyləyib:
“Bir qədər riskli səfər oldu. Təhlükədən qurtulduq. Təyyarəni idarə edən pilot çox ağıllı bir addım atdı və son anda Batumiyə enişdən imtina etdi. Havada bir neçə dövrə vurduqdan sonra Rizeyə qayıtdıq, oradan bura gəldik. Təxminən 8 saatlıq bir yolçuluq oldu. Əslində bu, ev oyunudur. Futbolçular 8 saatdır yoldadırlar”.
Xatırladaq ki, UEFA Avropa Liqasının V turu çərçivəsində “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları bu gün Gürcüstanın Batumi şəhərində üz-üzə gələcəklər. Qarşılaşmanın Bakı vaxtı ilə saat 21:45-də başlanması nəzərdə tutulub.