Iran v%C9%99 ABS G%C9%99rgin Geosiyasi Montaj

ABŞ-İran gərginliyi uzun müddətdir davam edir. Heç kəsə sirr deyil ki, Vaşinqtonda İranın ram edilməsinin müxtəlif variantları üzərində planlar hazırlanır. Lakin hələlik bu planlar real nəticə verməyib. Vaşinqton iqtisadi sanksiyalar ilə Tehranı küncə sıxışdırsa da, İran buna Hörmüz boğazında raket və dron hücumları həyata keçirərək tankerləri sıradan çıxarmaqla cavab verir. ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazına nəzarətin Vaşinqtonun əlində olması barədə bəyanatlar versə də, tankerlərə edilən hücumlar vəziyyətin fərqliliyini göstərir.

Digər tərəfdən, İranın ballistik raket potensialını bərpa etməsi və istehsal imkanlarını genişləndirməyə çalışması Vaşinqton üçün ayrıca təhlükəsizlik problemi yaradır. ABŞ və İsrailin hərbi zərbələri İranın hərbi infrastrukturuna ciddi ziyan vursa da, bu ölkənin raket proqramını birdəfəlik sıradan çıxarmaq mümkün olmayıb. Tehran hərbi istehsal imkanlarını yenidən qurmağa, mövcud texnologiyaları təkmilləşdirməyə və çəkindirmə potensialını bərpa etməyə çalışır.

Nüvə məsələsində də vəziyyət Vaşinqtonun istədiyi kimi deyil. İranın hazırda uranın zənginləşdirilməsi prosesini hansı həcmdə davam etdirdiyinə dair təsdiqlənmiş məlumat yoxdur. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə obyektlərinə və materiallarına çıxış imkanlarının məhdudlaşması səbəbindən ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının hazırkı vəziyyətini tam yoxlaya bilmir.

İranın əsas “silah”ı

Ümumiyyətlə, İrandakı rejimi sıradan çıxarmaq üçün təkcə iqtisadi sanksiyalar yetərli deyil. Rejimi ən güclü olduğu yerdən, yəni ideoloji və teoloji əsaslarından sarsıtmaq daha uzunmüddətli nəticə verə biləcək yanaşmadır.

İran İslam Respublikasının siyasi sisteminin mühüm xüsusiyyəti ondan ibarətdir ki, burada din sadəcə cəmiyyətin mənəvi həyatını tənzimləyən institut deyil. Din dövlət hakimiyyətinin legitimləşdirilməsi, siyasi qərarların əsaslandırılması, təhlükəsizlik sisteminin ideoloji çərçivəsinin müəyyənləşdirilməsi və ölkənin xarici siyasətinin təqdim olunması üçün əsas vasitələrdən biridir. 1979-cu il İslam İnqilabından sonra Ruhullah Xomeyninin formalaşdırdığı Vilayəti-fəqih doktrinası bu sistemin ideoloji təməlini təşkil edib. O, dini hakimiyyətlə siyasi hakimiyyəti bir-birinə elə bağlanıb ki, rejimin siyasi legitimliyinə yönələn hər hansı ciddi etiraz eyni zamanda onun dini əsaslarını da müzakirə predmetinə çevirir.

Ümumiyyətlə, ilk növbədə İranın şiə dünyasında yeganə və mübahisəsiz dini-siyasi mərkəz kimi təqdim etdiyi mövqeyin zəiflədilməsi lazımdır. Məsələn, Hörmüz boğazı məsələsində Oman amilinə diqqət yetirmək vacibdir. Oman yalnız coğrafi mövqeyinə görə deyil, həm də dini və siyasi xüsusiyyətlərinə görə İran üçün fərqli regional aktordur. Ölkədə İbadilik əsas dini ənənələrdən biridir. İbadilik nə sünniliyin, nə də şiəliyin daxilində bir məzhəb deyil. Onun özünəməxsus dini-siyasi tarixi, imamət anlayışı və hakimiyyətin legitimliyinə dair yanaşması var.

İbadilər hakimiyyətin legitimliyini müəyyən bir nəslə və ya tayfaya məxsusluqla deyil, ədalət, dini prinsiplərə bağlılıq və icmanın qəbul etdiyi rəhbərliklə əlaqələndirirlər. Bu baxımdan, onların imamət və siyasi hakimiyyət haqqında təsəvvürləri İmamiyyə şiəliyinin yanaşmasından ciddi şəkildə fərqlənir.

İranın Yəməndə dəstəklədiyi husilər də başqa bir məsələdir. Tehran husiləri regional siyasətində mühüm müttəfiq kimi istifadə edir. Husilər Zeydilik məzhəbinə mənsubdurlar. Zeydilik isə İmamiyyə şiəliyindən, xüsusilə də İran dövlət ideologiyasının əsasını təşkil edən On iki imam şiəliyindən fərqlənir. Zeydilər On iki imam şiəliyindəki kimi imamların eyni ardıcıllığını və qeybə çəkilmiş on ikinci imam haqqında eyni inanc sistemini qəbul etmirlər. Onların imamət anlayışı fərqli tarixi və hüquqi əsaslara söykənir.

ABŞ-ın İranla bağlı uzunmüddətli strategiyasında məhz bu reallıq nəzərə alınmalıdır. Tehran özünü yalnız İranın deyil, daha geniş şiə coğrafiyasının siyasi və ideoloji mərkəzi kimi təqdim edir. Ancaq şiə dünyasının daxilindəki fərqli dini məktəblər, imamət anlayışları və siyasi hakimiyyətə münasibətlər bu iddianın mübahisəsiz olmadığını göstərir. Vaşinqton bu fərqliliklər ilə Tehranın Şiə dünyasına təsirini sıradan çıxara bilər.

Tehranın zəif nöqtəsi

İkinci mühüm məsələ lə İranın daxilindəki dini hakimiyyət sistemidir. Əslində, İran daxilində də dini hakimiyyətin alternativ mərkəzləri mövcuddur. Qum, Məşhəd və Nəcəf dini məktəblərinin fərqli ənənələri, yüksək rütbəli ayətullahların müxtəlif fiqhi və siyasi mövqeləri, eləcə də dini rəhbərliyin dövlət hakimiyyətindəki roluna dair fikir ayrılıqları bunu göstərir. Xomeyni hakimiyyəti dövründə də bir sıra nüfuzlu din xadimləri Vilayəti-fəqih doktrinasına qarşı çıxmış, onların bəziləri təzyiqlərinə, məhdudiyyətlərinə və siyasi təcridə məruz qalmışdı. Bu, İran dini elitasının heç vaxt vahid siyasi mövqedə olmadığını göstərən tarixi faktdır.

Əgər İran daxilində alternativ dini nüfuzun cəmiyyət tərəfindən qəbul edilməsi genişlənərsə, rejimin öz hakimiyyətini ilahi və dəyişməz siyasi zərurət kimi təqdim etmək imkanları zəifləyə bilər. Bu, xüsusilə də İranın gənc nəsli, sekulyar düşüncəli təbəqələri və mövcud dini-siyasi sistemdən narazı olan sosial qruplar baxımından əhəmiyyətlidir. Çünki cəmiyyətin bir hissəsi üçün dinlə bağlılığın davam etməsi mütləq şəkildə mövcud dövlət quruluşunun qəbul edilməsi demək deyil. İnsanlar şiə kimliyini qorumaqla yanaşı, Vilayəti-fəqih sistemini də qəbul etməyə bilərlər. Bu iki məsələnin bir-birindən ayrılması rejimin ideoloji monopoliyasına ciddi zərbə vura bilər.

Əslində, ABŞ İrandakı etnik azlıqları həm də buna görə ayaqlandıra bilmir. Ölkədə azərbaycanlılar, kürdlər, bəluclar, ərəblər, türkmənlər və digər etnik icmalar yaşayır. Bu qrupların dini, mədəni və siyasi maraqları eyni deyil. Tehran uzun illərdir ki, vahid dövlət kimliyi və şiə dini ideologiyası vasitəsilə müxtəlif sosial və etnik qrupları vahid siyasi çərçivədə saxlamağa çalışır. Ancaq dini ideologiyanın vahidliyinin zəifləməsi bu qrupların mərkəzi hakimiyyətlə münasibətlərində də yeni mərhələnin başlanmasına səbəb ola bilər. Xüsusilə dini kimliklə dövlətə siyasi sədaqət arasında yaradılmış əlaqənin qırılması rejimin cəmiyyət üzərindəki təsir imkanlarını məhdudlaşdıra bilər.

Rejimin hərbi imkanlarını məhdudlaşdırmaq vacibdir, lakin onun ideoloji dayaqlarının toxunulmaz qalması uzunmüddətli perspektivdə eyni problemlərin yenidən ortaya çıxmasına şərait yaradır. Raket infrastrukturu dağıdıla, hərbi istehsal müəssisələri sıradan çıxarıla, nüvə obyektləri zədələnə bilər. Ancaq hakimiyyətin dini legitimlik mexanizmi işlək qaldığı müddətdə Tehran yeni resurslar səfərbər etməyə, cəmiyyəti səfərbər etməyə və regional təsirini bərpa etməyə çalışacaq.

turan rzayev 1 900x720 1
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: