Putin xerite 1342

Globalinfo.az Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq Komitəsinin sədri Oleksandr Merejko ilə müsahibəni təqdim edir:

– Cənab Merejko, son günlər Rusiya–Ukrayna müharibəsində hərbi fəallıq və diplomatik trafik müşahidə olunur. Hətta Liviya sahillərindəki rus gəmilərinə hücumla müharibənin sərhədləri aşdığını görürük. Əbu-Dabidə danışıqlar aparılması müzakirə edilir. Lakin analitiklər bu görüşün də nəticəsiz qalacağı qənaətindədir. Ukrayna müharibəsi yaxın gələcəkdə həll edilməsə, necə olacaq? Münaqişənin real həlli üçün hansı siyasi konfiqurasiya və qüvvələr nisbəti mövcud olmalıdır?

– Rusiya təcavüzü istənilən an dayandırıla bilər. Bu, Kreml diktatorundan asılıdır. O, istənilən an təcavüzü dayandıra və Rusiya qoşunlarını müvəqqəti işğal olunmuş ərazilərdən çıxara bilər. Putin sülhə yeganə maneədir. Təəssüf ki, onun təcavüzü dayandırmaq niyyəti yoxdur, çünki məqsədi Ukrayna dövlətçiliyini tamamilə məhv etməkdir. Belə olan halda, Putini ciddi danışıqlara məcbur etməyin yeganə yolu ona və Rusiya hərbi maşınına təzyiq göstərməkdir. Hələlik Putin sadəcə Trampın sanksiyalarından yayınmaq üçün danışıqları imitasiya edir.

– Putin və Zelenski iqtidarlarının dəyişməsi vəziyyətdə əsaslı dönüş yarada bilərmi?

– Putinin getməsi vəziyyəti dəyişə bilər. Çox güman ki, bu, gec-tez baş verəcək. Təsəvvür etmək çətin deyil ki, Putinin getməsindən və ya təhdid edilməsindən sonra Kremldə hakimiyyət uğrunda amansız mübarizə başlayacaq və Rusiya Federasiyasının yeni rəhbərliyi bütün cinayətlərə görə Putini günahlandırmağa çalışacaq. Stalinin ölümündən sonra da belə oldu. Beləliklə, tarix təkrarlanacaq.

WhatsApp Image 2026 11 25 at 14.35.08

Oleksandr Merejko

– Bu baxımdan, Rusiyanın Avrasiya siyasətində əsas aktorlar olan Ukrayna və eləcə də Azərbaycanı nə gözləyir?

– Rusiya imperiya dövləti olaraq Cənubi Qafqaz regionu da daxil olmaqla, bütün qonşuları üçün təhlükə yaradır. Azərbaycanda bunu yaxşı başa düşürlər. Orada həmçinin öz təcrübələrinə əsaslanaraq başa düşürlər ki, işğal olunmuş əraziləri danışıqlar yolu ilə geri qaytarmaq çətin ki, mümkün olsun.

– Ukraynanın NATO-ya qəbul edilməsi perspektivi də gündəmdədir. Ukrayna yenidən nüvə başlıqlarına sahib olsa, vəziyyət hansı istiqamətdə dəyişər?

– Nüvə silahlarından boş “təminatlar” müqabilində imtina etmək ciddi səhv idi. Tarix göstərir ki, müasir dünyada təhlükəsizliyin yeganə həqiqi təminatı potensial təcavüzkara qarşı nüvə çəkindirməsidir. Nəticə etibarilə, NATO da potensial təcavüzkarlara qarşı nüvə çəkindirməsi ilə bağlıdır. Ukraynaya gəlincə, biz NATO-ya üzv dövlətlər kimi, Rusiya təcavüzkarına qarşı təhlükəsizliyimizi təmin etməyin yeganə yolunun NATO-nun tamhüquqlu üzvü olmaq olduğunu çox yaxşı başa düşürük. Biz NATO-ya üzvlük uğrunda mübarizəmizi davam etdiririk.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: