“Ukraynanın Liviyanın Benqazi sahillərində Rusiya döyüş gəmilərini hədəfə alması olduqca maraqlıdır. Himlərsə Rusiyanı Suriyada olduğu kimi, Liviyada da qeyri-müəyyən vəziyyətə salmağa çalışır”.
Globalinfo.az xəbər verir ki, bunu türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar deyib.
Ekspert qeyd edib ki, Əsədin devrilməsindən sonra Suriyadakı Rusiya hərbi mövcudluğunun əhəmiyyətli hissəsi Liviyaya köçürüldü:
“İndi isə Liviyada ruslar Ukrayna tərəfindən hədəfə alınır. Bəs məsələ yalnız Rusiyanın Liviyada mövcudluğudurmu, yoxsa daha dərin və böyük bir oyun var?
Birincisi, Rusiyanın Aralıq dənizindəki mövcudluğudur.
İkincisi, Liviya Rusiyanın Afrikaya açılan qapısıdır. “Vaqner”i əvəz edən Afrika Korpusu da digər bir məsələdir. Buna görə də, hədəflərin xüsusiyyəti hücumların yalnız Rusiyanın Liviyadakı varlığına yönəlmədiyini göstərir. Mali, Mərkəzi Afrika Respublikası, Burkina Faso, Niger və Sudandakı hərbi varlığı, xüsusilə Ekvatorial Qvineya, Madaqaskar, Konqo Respublikası, Mozambik, Kamerun, Əlcəzair, Toqo və Benin daxil olmaqla digər Afrika ölkələrindəki təhlükəsizlik, logistika və strateji təsirlər bu hücumun bir hissəsidir”.
A.Ağar bildirib ki, Liviya yalnız Şimali Afrika ölkəsi deyil, həm də Aralıq dənizi, Afrika, enerji yolları və Avropanın təhlükəsizlik arxitekturasının kəsişmə nöqtəsidir:
“Həmçinin Liviyada legitimlik, iqtidar və hakimiyyət bölgüsü uğrunda mübarizə gedir. Beləliklə, məsələ ciddidir. Ukrayna çox həssas bir nöqtəyə zərbə vurub. Suriyadan Liviyaya qədər uzanan Ukrayna təsiri, çox güman ki, Rusiyanın Afrikadakı, xüsusən də Liviyadakı hərbi və strateji mövcudluğunu hədəf alan daha geniş geosiyasi təzyiqin asimmetrik elementlərindən biridir. Beləliklə, məsələ sadəcə hərbi və logistika gəmilərinin hədəfə alınması və batırılmasından daha dərindir. O zaman sual yaranır: ruslar buna harada, necə və hansı miqyasda cavab verəcəklər?”
Gülnar Səlimova
Globalinfo.az
İstanbul