memurlar 1

“Müzakirəmizə təqdim olunan “Maraqlar toqquşması haqqında” qanun layihəsi son illər dövlət idarəçiliyində şəffaflığın, məsuliyyətin və peşəkarlığın artırılmasına yönələn mühüm tədbirlərin davamıdır, xüsusilə də vəzifə səlahiyyətləri ilə şəxsi maraqlar arasında hüquqi sərhədlərin müəyyənləşdirilməsinə xidmət edir. İndiyədək korrupsiyaya qarşı mübarizə və etik davranış kodeksində mövcud olan müddəalar sistemli şəkildə və vahid bir qanun layihəsində əksini tapır”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.

O bildirib ki, “maraqlar toqquşması” hüquqi mahiyyətinə görə korrupsiya əməlləri ilə eyni məna daşımır:

“Vəzifəli şəxsin əmlakı və qanuni iqtisadi maraqları ola bilər. Lakin özəl mənafelər dövlət qərarlarına təsir etməməlidir. Yeni qanunun üstünlüyü odur ki, hüquq pozuntusunun baş verməsini gözləmədən, onu doğura biləcək şəraiti əvvəlcədən aradan qaldırmağa imkan verir. Konstitusiyanın 55-ci maddəsinə görə dövlət idarəçiliyində iştirak etmək hüququ vətəndaşa verilmiş siyasi imkandır, yəni, dövlət vəzifəsi xalqa xidmət  üçündür.

Müqayisəli beynəlxalq təhlillər aparılarsa, Avropa dövlətləri ötən on illərdə maraqlar toqquşmasının hüquqi tənzimlənməsi sahəsində böyük yol keçiblər. Almaniyanın 1976-cı ildə qəbul etdiyi inzibati icraat qanunvericiliyi şəxsi marağı olan vəzifəlilərin qərarvermədən kənarlaşdırılmasını nəzərdə tutur. Fransada 2013-cü ildən yüksək vəzifəli şəxslərin maraq və əmlak bəyannamələrini yoxlayan xüsusi qurum fəaliyyət göstərir. Lakin qanunun mövcudluğuna baxmayaraq, maraqlar konfliktini tam yox etmək mümkün olmayıb. Avropa Parlamentindən Brüssel və Parisə uzanan çirkli əlaqələr, korrupsion siyasi lobbizmin açıq nüfuz alveri olması da dövlətimiz tərəfindən dəfələrlə bəyan olunub.

Maraqlar toqquşmasının ən böyük iqtisadi nəticələri dünyada dövlət satınalmalarında meydana çıxır. Dövlət büdcəsindən maliyyələşən təchizat və xidmət layihələrində qərar qəbul edən şəxsin tender iştirakçısı ilə gizli iqtisadi əlaqəsi varsa, büdcə vəsaitinə zərərlə yanaşı, daha münasib qiymət və yüksək keyfiyyət təklif edən sahibkar da dövlət sifarişindən kənarda qala bilər”.

Z.Oruc qeyd edib ki, maraqlar toqquşması həm də azad rəqabətə, milli sahibkarlığa və investisiya mühitinə zərbə vurur:

“Torpaq münasibətləri, özəlləşdirmə, güzəştli kreditlər və subsidiyalar da yüksək riskli sahələrdir. Təsəvvür edək ki, yeni magistral yolun harada çəkiləcəyini əvvəlcədən bilən vəzifəli şəxs həmin ərazidə yaxınlarının adına torpaq alır, dövlət investisiyasından sonra torpağın qiyməti dəfələrlə artır. Layihədə xidməti məlumatlardan şəxsi məqsədlərlə istifadəni məhdudlaşdıran 15-ci maddə məhz gözlənilən təhlükənin qarşısını almağa yönəlib. Maraqlar toqquşması yalnız iqtisadi münasibətlərdə yaranmır. Dövlət qulluğuna qəbul, vəzifələr üzrə irəli çəkilmə, universitetlərdə elmi qrantların bölüşdürülməsi də eyni riskləri daşıyır. Dövlət orqanında qərar verən şəxs namizədlərdən biri ilə qohumluq münasibətindədirsə, onun müvafiq prosedurda iştirakı obyektivliyə əsaslı şübhə yaradır.

Qanun layihəsi real, potensial və təəssürat yaradan maraqlar toqquşmasını fərqləndirir. Hətta qanunsuz qərar qəbul edilməsə də vəzifəli şəxsin qərəzsizliyinə əsaslı şübhə yaranması qabaqlayıcı tədbir üçün kifayət edə bilər. Əlbəttə, burada əsassız ittihamlarla hüquqi cəhətdən əsaslandırılmış şübhələr arasında fərq qorunmalıdır.

Beynəlxalq təcrübədə “fırlanan qapı” adlandırılan fenomen var. Dövlət sifarişləri və lisenziyalar barədə qərar vermiş vəzifəli şəxsin sonradan həmin şirkətlərin maraqlarını əvvəlki qurumunda təmsil etməsi ciddi risk yaradır. Layihədə vəzifədən ayrıldıqdan sonra iki il müddətində əvvəl işlədiyi qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmağa məhdudiyyət nəzərdə tutulur”.

Deputat əlavə edib ki, layihədə maraqlar toqquşmasına nəzarət edən subyektlərin səlahiyyətləri müəyyənləşdirilir:

“Qanunun tətbiqi ilə bağlı dörd məsələyə diqqət çəkmək istərdik. Birincisi, 2005-ci ildən nəzərdə tutulan maliyyə məlumatlarının bəyan edilməsi mexanizmi tam işlək vəziyyətə gətirilməsinə ehtiyac var, əmlak və şəxsi maraqlar haqqında məlumatlar qarşılıqlı yoxlanılmalıdır. İkincisi, dövlət satınalmaları, torpaq münasibətləri və lisenziyalaşdırma üzrə ayrıca risk xəritələri hazırlanmalıdır. Üçüncüsü, qanunun icrası haqqında illik ictimai hesabatlar təqdim olunmalı, qanuni məlumat verən şəxslər təzyiqlərdən qorunmalıdır. Dördüncüsü, altı aylıq keçid dövründə dövlət qulluğu, etik davranış və satınalma qanunvericiliyi uyğunlaşdırılmalı, nəzarət və təlim mexanizmləri yaradılmalıdır. Yekunda bir daha vurğulayaq ki, ölkəmiz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edib. İndi qalib dövlətin idarəçilik sistemində  ədalətin və qanunun aliliyinin daha güclü təmin olunması üçün müvafiq addımlar atılır. Dürüst dövlət qulluqçusunun hüquqlarını, sosial təminatını və peşəkar yüksəliş imkanlarını qorumalıyıq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: