kaledoniya

Kanaki – Yeni Kaledoniyada Makron rejiminin dəstəklədiyi fransayönümlü qüvvələrin rəhbərlik etdiyi Cənub Əyaləti Fransa vətəndaşlarını ərazidə daimi yaşamağa cəlb etmək məqsədilə geniş reklam kampaniyasına başlayıb.

Bu barədə Globalinfo.az-a Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.

Bildirilib ki, əyalət rəhbəri Sonia Backesin təşəbbüsü ilə Paris metrosunda “Həyatınızı dəyişin, ölkənizi yox” və “Sakit okeandakı kiçik Fransa” şüarlarının yer aldığı 300 reklam plakatı yerləşdirilib.

Makron rejiminin neokolonial siyasətinin əsas icraçılarından olan Sonia Backes bu kampaniyanı Yeni Kaledoniyadakı iqtisadi böhran və pensiya sisteminin maliyyə çətinlikləri ilə əsaslandırıb. O, ilk növbədə Fransadan yüksək gəlirli təqaüdçüləri, daha sonra isə müxtəlif peşə sahiblərini və sahibkarları əraziyə cəlb etməyi planlaşdırır.

Rəsmi Parisin dəstəyi ilə həyata keçirilən bu təşəbbüs Kanak xalqının müstəqilliyini müdafiə edən siyasi qüvvələrin sərt etirazı ilə qarşılanıb. Kanak Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) nümayəndələri bunu Fransanın tarixi məskunlaşdırma siyasətinin davamı kimi qiymətləndirirlər.

Onlar xatırladıblar ki, XIX əsrdən etibarən, xüsusilə 1970-ci illərdə Fransadan əraziyə əhalinin kütləvi şəkildə köçürülməsi nəticəsində kanaklar öz tarixi torpaqlarında azlığa çevriliblər. Belə ki, hələ 1972-ci ildə Fransanın o zamankı baş naziri Pierre Messmer fransızların Kanakiyə kütləvi köçürülməsini təşviq edərək yerli xalqın müstəqillik uğrunda mübarizəsini zəiflətməyə çalışmışdı.

Müstəqillik tərəfdarları hesab edirlər ki, Makron rejimi və onun yerli tərəfdarları həmin müstəmləkəçi siyasəti yeni formada davam etdirməyə çalışırlar.

Qeyd olunub ki, FLNKS nümayəndələri yeni məskunlaşdırma siyasətinin Kanak xalqının demoqrafik vəziyyətinə mənfi təsir göstərəcəyini, eləcə də mənzil çatışmazlığından əziyyət çəkən yerli əhalinin problemlərini daha da ağırlaşdıracağını bildirərək kampaniyanın dərhal dayandırılmasını tələb edirlər.

Məsələ Fransanın özündə də kəskin tənqid hədəfinə çevrilib. Fransa Milli Assambleyasının deputatı Bastien Lachaud bu kampaniyanı yeni məskunlaşdırma yolu ilə müstəmləkəçilik cəhdi adlandırıb.

Təhlilçilərin fikrincə, Fransanın hakim dairələrinin himayəsi altında iqtisadi inkişaf adı ilə pərdələnən bu təşəbbüs Yeni Kaledoniyanın gələcək siyasi statusu ilə bağlı mübahisələrin davam etdiyi bir vaxtda Kanak xalqının öz müqəddəratını təyinetmə hüququna qarşı yönəlmiş növbəti kolonial təzyiq vasitəsidir.

ffgh

Paylaş: