pasinyan baki kollaj 1 scaled

Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub. Sənəddə Müstəqillik Bəyannaməsinə istinadın yer almaması Azərbaycanla sülh müqaviləsinin imzalanması baxımından mühüm məqam hesab olunur. Layihənin parlament və referendum mərhələlərindən keçib-keçməyəcəyi, qəbul olunmayacağı təqdirdə isə ölkədə hansı siyasi proseslərin baş verəcəyi diqqət çəkir.

Layihənin qəbul edilməməsi ehtimalı nə qədərdir? Proses baş tutmasa, nələr baş verəcək?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və komanda üzvləri ötən ildən etibarən dəfələrlə bu məsələyə toxunub:

“Bildirilib ki, mövcud Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad Azərbaycanın qonşuları ilə münasibətlərində problemlər yaradır. Həmin bəyannamədə Türkiyənin şərq vilayətləri Qərbi Ermənistan kimi təqdim olunur, Azərbaycanın həm hüquqi, həm də tarixi torpaqları olan Qarabağın Ermənistana birləşdirilməsi iddiası əksini tapır. Bu müddəaların konstitusiyada yer alması qonşu dövlətlərə qarşı ərazi iddiası kimi qiymətləndirilir və bölgədə sülh, əməkdaşlıq prosesinə ciddi maneə yaradır. Paşinyan anlayır ki, həmin müddəanın saxlanılması Bakı və Ankara ilə münasibətlərdə ciddi problemlərə səbəb ola bilər. Ermənistan bölgədə normal dövlət kimi fəaliyyət göstərmək və qonşuları ilə münasibətlərini qaydaya salmaq istəyirsə, Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması məsələsi gündəmdə qalmalıdır. Bu, kifayət qədər konstruktiv addımdır”.

oqtay qasimov 11 900x598 2

Oqtay Qasımov

Politoloq bildirib ki, Ermənistanda bundan sonra siyasi proseslərin gərgin keçəcəyi gözlənilir:

“Noyabrın 5-də 13 müxalifət partiyasının blok yaratdığını və əsas məqsədlərinin yeni konstitusiyanın qəbuluna mane olmaq, eyni zamanda Azərbaycanla sülh müqaviləsinin imzalanmasına əngəl törətmək olduğunu nəzərə alsaq, qarşıda ciddi siyasi mübarizənin olacağı görünür. Paşinyanın rəqibləri təkcə siyasi müxalifətlə məhdudlaşmır. Erməni Apostol Kilsəsi də hakimiyyətin mövqeyinə, konstitusion dəyişikliklərə və Azərbaycanla sülhün əldə olunmasına qarşı çıxır. Ona görə də qarşıdakı dövrdə Ermənistanda ciddi siyasi proseslərin şahidi olacağıq.

Referendum məsələsinə gəlincə, bunun keçirilməsi üçün Ermənistan parlamentində ən azı 71 deputatın səsi tələb olunur. Paşinyanın isə bu qərarı qəbul etdirmək üçün daha 6 səsə ehtiyacı var. Həmin səslər müxalifət nümayəndələrindən təmin olunarsa, parlament referendumun keçirilməsi ilə bağlı qərar qəbul edə bilər. Bu məsələdə bir neçə variant mümkündür. Birinci variant müxalifətdən 6 deputatın hakimiyyətin təşəbbüsünə dəstək verməsi və parlamentdə lazımi səs çoxluğunun təmin olunmasıdır. İkinci variant isə bu mümkün olmadıqda, 300 min imza toplamaqla referendumun keçirilməsinə nail olmaqdır. Üçüncü ehtimal isə növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Paşinyan bu variantı bir müddət əvvəl özü də gündəmə gətirib”.

O.Qasımov qeyd edib ki, Ermənistanda kifayət qədər mürəkkəb siyasi proseslər davam edir:

“Xüsusilə son seçkilər göstərdi ki, 2020-ci ilin 44 günlük müharibəsindən zaman keçdikcə erməni cəmiyyətində revanşist əhval-ruhiyyə yenidən güclənir. Azərbaycan ərazilərinə dair iddiaların bərpasını istəyən qüvvələrin mövqeyi də diqqət çəkir. Bunun nəticələrini parlament seçkilərində də gördük. Belə ki, 2021-ci il parlament seçkilərində müxalifət ümumilikdə 26 mandat qazanmışdısa, hazırda onların mandatlarının sayı 41-ə çatıb. Bu, müxalifətin parlamentdə təmsilçiliyinin artdığını göstərir. Ona görə də yeni konstitusiyanın qəbulu asan olmayacaq. Əgər erməni cəmiyyəti konstitusion dəyişikliklərə qarşı çıxarsa, bu, Azərbaycanla sülh prosesinin gələcəyi baxımından ciddi suallar yaradacaq. Belə olan halda, Ermənistanla münasibətlərdə də problemlərin yaranması ehtimalı artacaq.

Doğrudur, sülh müqaviləsi olmadan da hər bir ölkə öz inkişaf yolunu davam etdirə bilər. Lakin belə bir vəziyyətdən ilk növbədə Ermənistan və erməni cəmiyyəti zərər görəcək. Bu qərar, eyni zamanda, Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına mənfi təsir deməkdir. Belə bir şəraitdə Ermənistan üzərindən bölgədəki proseslərə təsir göstərmək istəyən qüvvələrin mövqeləri də güclənər. İctimai müzakirələr zamanı Paşinyan və komandası erməni cəmiyyətini sülhün vacibliyinə inandıra bilsələr, bu, yeni konstitusiyanın qəbuluna dəstək baxımından əhəmiyyətli olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın Qərbdəki tərəfdaşları da bölgədə sülhün əldə olunmasında maraqlıdırlar. Yeni konstitusiyanın qəbul edilməsi daha yüksək ehtimaldır. Amma Ermənistanda revanşist əhval-ruhiyyənin mövcudluğunu nəzərə alaraq, layihənin qəbul edilməməsi ehtimalını da istisna etmək olmaz”.

Ləman İmran
Globalinfo.az

Paylaş: