elchin babayev

Bakı Dövlət Universitetinin sabiq rektoru Elçin Babayevlə bağlı sensasion fakt üzə çıxıb.

Belə ki, 2019-cu ilin sentyabrında Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə universitetin rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya səfər edib. Səfər çərçivəsində yubiley tədbiri keçirilib, Elçin Babayev də mərasimdə çıxış edib.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, Elçin Babayev Vyanada olarkən planlaşdırılmamış Çexiyaya səfər edərək həmin vaxt Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, hazırda isə həbsdə olan Eldar Həsənovla qapalı görüş keçirib.

Maraqlısı ondadır ki, bu görüş təsadüfi xarakter daşımayıb və Elçin Babayev Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda dövlətə xəyanət maddəsi üzrə ittiham olunan Ramiz Mehdiyevin tapşırığı əsasında Eldar Həsənovla görüşüb.

Qeyd edək ki, Elçin Babayevin məhz Ramiz Mehdiyevin kadrı olduğu, onun sayəsində BDU rektoru vəzifəsinə təyin edildiyi bildirilir. O, 19 noyabr 2026-cı il tarixində işdən çıxarılıb.

Xatırladaq ki, uzun illər Prezident Administrasiyasının rəhbəri kimi mühüm posta rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. DTX onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səs yazılarını yayıb.

Ötən ay çıxarılan hökmlə R.Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Yaşı və xəstəliyi nəzərə alınaraq ona 14 il şərti cəza verilib. Hökmlə, həmçinin dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi, üzərinə həbs qoyulmuş əmlakın müsadirəsi qərara alınıb.

Paylaş: