Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, BDU-ya rektor təyin olunub. Bu məsələ başqa bir vacib mövzunu da ön plana çıxardır.
Dövlət İmtahan Mərkəzinə kim rəhbərlik edəcək?
Müəllim-filoloq Sərvər Şirinov Globalinfo.az-a açıqlamasında deyib ki, Dövlət İmtahan Mərkəzinə kimin rəhbərlik edəcəyi çox vacib məsələdir:
“Çünki DİM sədri olmaq təkcə hansısa bir qurumu idarə etmək demək deyil, həm də minlərlə abituriyentin, valideynin ümidlərinə və gələcək taleyinə birbaşa cavabdeh olmaqdır.
Bilirik ki, Vurğun Əyyubun əsasını qoyduğu test üsulu ilə qəbul sistemi illər boyu cəmiyyətdə sosial ədaləti qoruyan əsas dayaqlardan biri olub. İnanmaq istərdik ki, DİM-in yeni rəhbərliyi də bu ənənənin nə qədər həssas və vacib olduğunu nəzərə alacaq, onu qoruyub saxlayacaq”.
Modern.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzində (DİM) mümkün rəhbər dəyişikliyi ilə bağlı müzakirələr başlayıb. Qurumun sədri postu ilə bağlı müxtəlif adlar çəkilir. Müzakirə olunan şəxslər arasında Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov, BDU-nun sabiq rektoru Elçin Babayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri Ülkər Səttarovanın, iqtisadiyyat nazirliyinin 1-ci müavini Elnur Əliyevin adları çəkilir.
Təhsil ictimaiyyətində mümkün namizədlər arasında daha çox Ülkər Səttarovanın üzərində dayanılır. Onun son illərdə ali təhsil sahəsindəki fəaliyyəti, universitetlərin beynəlxalq reytinqlərdə irəliləməsi, idarəetmədə institusional yanaşma və keyfiyyət təminatı istiqamətində görülən işlər bu müzakirələrdə əsas arqumentlər kimi göstərilir.
DİM ölkənin təhsil sistemində strateji əhəmiyyət daşıyan qurumlardan biridir. Buna görə də rəhbər dəyişikliyi təhsil sisteminin gələcək inkişaf istiqaməti baxımından diqqət çəkir. Müzakirələrdə adı çəkilən Rüfət Əzizov, Elçin Babayev, Ülkər Səttarova, Elnur Əliyev təhsil idarəçiliyinin müxtəlif istiqamətlərində təcrübəyə malik şəxslərdir. Onların mümkün namizədliyi fərqli idarəçilik yanaşmalarının DİM-in gələcək fəaliyyətinə təsiri baxımından maraq doğurur.
Təhsil dairələrində Ülkər Səttarovanın adının daha çox önə çəkilməsi onun son illərdə ali təhsil sahəsindəki fəaliyyəti ilə əlaqələndirilir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə rəhbərlik etdiyi dövrdə universitetlərin institusional inkişafı, keyfiyyət təminatı, beynəlxalq akademik mühitə inteqrasiyası və reytinq göstəriciləri diqqət mərkəzindədir.
DİM-in qərarları hər il yüz minlərlə şagird, abituriyent və ailənin həyatına təsir edir. Bu səbəbdən qurumun rəhbərliyində mümkün dəyişiklik cəmiyyət üçün xüsusi həssaslıq daşıyır. İctimai diqqət yeni rəhbərlə bərabər, onun hansı islahatları həyata keçirəcəyinə, imtahan sistemində hansı yeniliklərə imza atacağına yönəlir.
Hələlik DİM rəhbərliyi ilə bağlı rəsmi qərar açıqlanmayıb. Lakin təhsil sistemində səslənən adlar və mümkün kadr dəyişiklikləri göstərir ki, müzakirələrdə əsas diqqət DİM-in gələcək inkişaf modelinin necə formalaşacağına yönəlib.