Fransada polis əməkdaşları əmək hüquqlarının qorunması və risk əlavələrinin artırılması tələbi ilə etiraz aksiyası keçiriblər. Parisdə Daxili İşlər Nazirliyinin binası qarşısında təşkil olunan aksiyada yüzlərlə polis əməkdaşı iştirak edib.
Globalinfo.az xəbər verir ki, bu barədə BFM telekanalı və “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumata görə, aksiyaya mülki geyimdə olan 400-500 polis əməkdaşı qatılıb. Onların arasında cinayət axtarışı, kəşfiyyat bölmələri və sərhəd xidmətinin nümayəndələri də olub.
Etiraz aksiyası “Alliance Police Nationale” polis həmkarlar ittifaqının təşkilatçılığı ilə keçirilib. Əsas tələblərdən biri bir neçə ildir artırılmayan və yenidən nəzərdən keçirilməyən risk əlavəsinin məbləğinin yüksəldilməsidir.
Həmkarlar ittifaqı, eyni zamanda, polis əməkdaşlarının əmək hüquqlarının qorunmasının vacibliyini vurğulayıb. Qurumun bildirdiyinə görə, polislərin Parisdə keçirilən etiraz və tətil aksiyaları zamanı mütəmadi olaraq ictimai asayişin qorunmasına cəlb edilməsi onların iş yükünü artırıb və şəxsi heyət arasında ciddi gərginlik yaradıb.
Əliyar Xəlil