1x 1

ABŞ-la İran arasında qarşıdurma yeni və təhlükəli mərhələyə keçə bilər. CNN telekanalının ABŞ kəşfiyyatındakı yeddi mənbəyə istinadən yaydığı məlumata görə, Tehran Ağ Ev administrasiyasının yüksəkvəzifəli rəsmilərini hədəfə almaq məqsədilə Vaşinqtonda “çirkli bomba” və ya kimyəvi silahdan istifadə variantlarını nəzərdən keçirir.

Məlumatda konkret hədəflərin və mümkün hücum məkanlarının müəyyənləşdirildiyi iddia olunsa da, söhbətin hələlik mümkün əməliyyat variantlarının hazırlanmasından getdiyi bildirilir. Ağ Ev hazırda ölkə ərazisinə qarşı ciddi təhdidin olmadığını açıqlayıb, Tehran isə iddiaları rədd edib.

Söhbət Prezident Donald Tramp administrasiyasının hansı yüksəkvəzifəli nümayəndələrindən gedir? “Çirkli bomba” nədir, onun nüvə silahından fərqi və real təhlükə potensialı nədən ibarətdir? Tehran belə bir addım atarsa, bu, ABŞ-ın İrana qarşı hərbi strategiyasında hansı dəyişikliklərə səbəb ola bilər?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, müəyyən beynəlxalq mənbələrdə bu istiqamətdə məlumatlar yer alsa da, İran belə bir riskə getməz:

“Nəzərə alaq ki, Pentaqon rəhbəri, ABŞ-ın maliyyə naziri, dövlət katibi və digər yüksəkvəzifəli rəsmilər İran təhlükəsi ilə əlaqədar ciddi təhlükəsizlik tədbirləri çərçivəsində qorunurlar.

Bununla belə, İran ABŞ rəsmilərinə qarşı sui-qəsd cəhdləri təşkil edə bilər. Çünki İran rəsmilərinə qarşı həyata keçirilmiş sui-qəsdlərin oxşarını ABŞ rəsmilərinə qarşı tətbiq etmək potensialı mövcuddur. Lakin çirkli bombadan istifadə tamamilə fərqli məsələdir. Bu, münaqişəni daha təhlükəli mərhələyə keçirə və genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Ona görə də İranın belə bir addım atacağını düşünmürəm.

Ümumilikdə isə ABŞ və İran arasında faktiki olaraq asimmetrik müharibə gedir. İran da ABŞ-a qarşı mübarizəsini bu kontekstdə qiymətləndirir. Hesab edirəm ki, tərəflər arasındakı qarşıdurma getdikcə genişlənə və daha ciddi təhlükəsizlik riskləri yarada bilər.

mehemmed esedullazadeee 900x574 2
Məhəmməd Əsədullazadə

Çirkli bombadan istifadə ilə bağlı iddialara gəldikdə isə düşünürəm ki, bu məlumatlar ABŞ kəşfiyyatı tərəfindən gündəmə gətirilmiş ola bilər. Belə iddiaların İranı potensial təhlükə kimi təqdim etmək və ona qarşı mümkün hərbi əməliyyatları beynəlxalq müstəvidə legitimləşdirmək məqsədi daşıması mümkündür. Çünki belə bir hadisə baş verərsə, İran terrorçuluqda ittiham oluna, nəticədə Qərb ölkələrinin və beynəlxalq ictimaiyyətin ona qarşı hərbi addımlara dəstəyi arta bilər.

Məhz bu səbəbdən hesab edirəm ki, İran belə bir əməliyyata getməz. Tehran bunun doğura biləcəyi siyasi və hərbi nəticələri yaxşı anlayır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: