rubio 12

ABŞ dövlət katibi Marko Rubio son bir həftə ərzində baş verən bir sıra texnoloji nasazlıqların bir-biri ilə əlaqəli olması barədə internetdə yayılan geniş narahatlıqları rədd edib.

Globalinfo.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu hadisələr arasında hər hansı əlaqənin olduğuna dair “sıfır sübut” olduğunu bildirib.

Rubio etiraf edib ki, ABŞ-da bütün uçuşların dayandırılması, bank xidmətlərində, Apple və Microsoft sistemlərində genişmiqyaslı fasilələr də daxil olmaqla, ardıcıl baş verən texnoloji problemlər insanlarda narahatlıq yaradıb.

Bəzi insanlar bu hadisələrin bir-biri ilə əlaqəli və ya hansısa planın tərkib hissəsi ola biləcəyindən qorxurlar.

“Biz sistemli hücumla üz-üzə deyilik. Bu hadisələrin birinin digərinə heç bir aidiyyəti yoxdur. Onlar bir-biri ilə əlaqəli deyil”, – Rubio bildirib.

Rubiodan həmçinin, Tramp administrasiyasının ictimaiyyət arasında yaranan qorxuların insanların ehtiyat məhsulları toplamasına və ya banklara kütləvi şəkildə hücum etməsinə səbəb ola biləcəyindən narahat olub-olmadığı soruşulub.

O bildirib ki, bu cür narahatlıqlarla mübarizənin ən yaxşı yolu ABŞ hökumətinin bildiyi bütün məlumatları Amerika xalqı ilə bölüşməsidir:

“Əlimizdə olan bütün göstəricilər onu göstərir ki, bu hadisələrin hər birinin öz izahı və ya səbəbi var. Bunların heç birinin kiber cinayətkarlarla, düşmən qüvvələrlə və ya başqa bir ölkə ilə əlaqəsi yoxdur”.

Qeyd edək ki, son bir həftə ərzində bir sıra ciddi texnoloji problemlər yaşanıb. Bunlara Microsoft-un genişmiqyaslı sistem nasazlığı, ABŞ-da bütün uçuşların bir neçə saat ərzində dayandırılmasına səbəb olan texniki problem, eləcə də ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA), ölkənin ən böyük banklarının və Apple xidmətlərinin fəaliyyətində yaranan fasilələr daxildir. Təsirə məruz qalan şirkət və dövlət qurumlarının hər biri problemin kiberhücumla bağlı olmadığını və kənar qüvvələrin müdaxiləsi nəticəsində baş vermədiyini açıqlayıb.

Rubionun açıqlaması ABŞ Milli Kəşfiyyat direktoru Cey Kleytonun da bu məsələ ilə bağlı danışmasından bir neçə saat sonra səsləndirilib. Kleyton “Fox News” telekanalına bildirib ki, baş verən nasazlıqlar kiberhücum nəticəsində yaranmayıb.

O izah edib ki, bir çox qurum öz sistemlərini yeniləyir və təhlükəsizlik yeniləmələri həyata keçirir. Bu proses isə müəyyən texniki problemlərə səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: