“Elə QHT-lər var ki, onlar mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən bir çox ictimai şuralarda təmsil olunurlar. Sual yaranır: bir QHT tamamilə fərqli sahələr üzrə necə ixtisaslaşa və bu sahələrin hər biri üzrə keyfiyyətli xidmət göstərə bilər?”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev deyib
O qeyd edib ki, məhz qanunvericilikdə ictimai birliklərin və fondların konkret fəaliyyət istiqamətləri üzrə ixtisaslaşmasını təmin edən, onların yalnız müəyyən sahələrdə fəaliyyət göstərməsini nəzərdə tutan müddəaların olmaması bu cür xaotik vəziyyətin yaranmasına səbəb olur:
“Bu dəyişiklik qeyri-hökumət sektorunda hesabatlılığı, şəffaflığı və səmərəliliyi artıracaq, qeyri-hökumət sektorunun mahiyyətini bilmədən, yalnız qrant almaq məqsədilə ictimai birlik və ya fond yaradan şəxslərin qarşısını alacaq, eyni zamanda, faktiki fəaliyyəti olmayan qurumların reyestrdə yer tutması məsələsinə aydınlıq gətirəcək. Ən vacibi isə real vətəndaş cəmiyyəti institutlarının güclənməsinə və inkişafına əlavə stimul verəcək”.
O qeyd edib ki, hazırda dövlət qeydiyyatına alınmış 3829 QHT-dən yalnız 1500-ü haqqında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məlumat əldə edə bilməsi, ötən il isə cəmi 603 təşkilatın illik maliyyə hesabatı təqdim etməsi faktı da dediklərimizi statistik olaraq təsdiqləyir:
“Digər tərəfdən, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının 98 filial və nümayəndəliyindən yalnız 15-nin müvafiq saziş əsasında fəaliyyət göstərməsi, qalan 83-nün isə qanunun tələblərinə əməl etməməsi bu sahədə məsuliyyətin artırılmasını və hüquqi tənzimləmənin təkmilləşdirilməsini zəruri edir”.
Safura Bənnayeva
Globalinfo.az