Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan 44 günlük müharibəni “qəribə” adlandırıb.
O, münaqişə dövründə Ermənistanın Azərbaycanın enerji infrastrukturuna zərbə endirməməsinin anlaşılmaz olduğunu deyərək, müharibənin guya “razılaşdırılmış” olduğunu “əsaslandırmağa”, Azərbaycanın qəti zəfərini şübhə altına almağa cəhd edib.
Lakin cəmi bir neçə faktı saymaqla Aşotyanın bu iddiasının nə qədər absurd olduğunu sübuta yetirmək olar.
Belə ki, Ermənistan müharibə müddətində dəfələrlə Azərbaycanın enerji infrastrukturunu hədəfə alıb. Bunu beynəlxalq hesabatlar da təsdiqləyir.
Globalinfo.az həmin hücumlardan bir neçəsini təqdim edir:
27 sentyabr 2020
Tərtər rayonunda Borsunlu və Hüləbənd kəndlərində, Tərtər şəhərində qaz xətləri və avadanlıqlara hücum oldu.
4 oktyabr 2020
Ermənistan silahlı qüvvələri Mingəçevir İstilik Elektrik Stansiyasını (İES) raket atəşinə tutub. Raketlərdən biri enerji blokunun yaxınlığına düşüb, lakin partlamayıb.
6 oktyabr 2020-ci il
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinə kasetli raket atdığını açıqlayıb və fotolarını paylaşıb. Həmin raket Yevlax rayonunda BTC-nin 10 metrliyinə düşmüşdü.
Vəziyyət o qədər ciddi idi ki, BP şirkəti Azərbaycanın dünya bazarlarına əsas ixrac marşrutu olan BTC xam neft boru kəmərinin hədəfə alınması ilə bağlı dərin narahatlıq keçirdiyini açıqlamışdı.
11 oktyabr 2020
Mingəçevir Su Elektrik Stansiyasına (SES) raket hücumu edilib. Azərbaycan Ordusunun hava hücumundan müdafiə qüvvələri raketləri zərərsizləşdirib.
Rayonları işıqsız qoymaq cəhdi
Goranboy, Tərtər, Ağdam, Füzuli, Ağcabədi və Naftalanda elektrik xətləri, transformatorlar atəşə tutulub.
Azərbaycan-Gürcüstan elektrik ötürücü xəttinin vurulması
Gəncəyə raket hücumu nəticəsində 500 kV-luq Samux-Gardabani yüksək gərginlikli elektrik ötürücü xəttində qəza baş verib.
18 oktyabr 2020
Xızı rayonunun Sitalçay kəndi yaxınlığından keçən Bakı-Novorossiysk neft və kondensat ixrac kəmərləri də hədəfə alınıb. Hava hücumundan müdafiə qüvvələri raketləri zərərsizləşdirib, partlayıcı qalıqlar kəmərin təxminən 250 metrliyinə düşüb.
2020-ci ilin oktyabr-noyabr ayları
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Ermənistanın BTC ilə yanaşı, Cənubi Qafqaz Boru Kəmərinin, Qərb İxrac Boru Kəmərinin və Bakı-Novorossiysk kəmərinin də hücum cəhdlərinin olduğunu bildirib. O bununla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
10 noyabr 2020-ci il
Ermənistanın “İsgəndər” raketi Bakı yaxınlığındakı Xızı rayonunda hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Həmin vaxt hədəfin paytaxt Bakı olduğu bildirilirdi.
2022-ci il hesabatı
ABŞ Hərbi Dəniz Qüvvələrinin aspirantura məktəbinin 2022-ci ildə dərc etdiyi araşdırmada da 2020-ci ilin oktyabrında BTC kəmərinin raket hücumuna məruz qaldığı qeyd olunur.
Qeyd etdiyim faktlar Ermənistanın enerji terrorunun sadəcə bir qismidir. Açıqlanan və açıqlanması lazım bilinməyən daha bir neçə belə cəhdin olduğu şübhəsizdir. Lakin məsələ bununla da bitmir. Ermənistan Azərbaycana qarşı nəinki enerji terroru həyata keçirib, hətta cəbhə xəttində xeyli uzaqda yerləşən şəhərlərimizə raket zərbələri endirib, çoxsaylı mülki şəxsin həyatına son qoyub.
Bütün bunlar onu göstərir ki, Ermənistan 44 günlük müharibəyə bütün gücü ilə qoşulub və əlində olan hər vasitədən, müharibə cinayətləri hesabına istifadə edib.
Lakin Armen Aşotyan bir məqamda haqlıdır: 44 günlük savaş həqiqətən də qəribə müharibədir. Bu, müasir dövrdə bəlkə də yeganə hərbi münaqişə idi ki, Azərbaycan xalqı özü birbaşa hədəfə çevrilsə də, ruhdan düşmür, əksinə, “Dayanmayın, sona qədər gedin!” deyirdi.
İndi Ermənistanda Aşotyan kimi siyasətçilərin ağır məğlubiyyətin yaratdığı psixoloji və siyasi yükdən qurtulmaq üçün müxtəlif bəhanələr irəli sürməsi başadüşüləndir. Reallıq isə dəyişmir: Azərbaycan son dərəcə çətin mövqedə olmasına baxmayaraq, qısa müddət ərzində, blitskriq hesab olunacaq bir hərbi əməliyyatla torpaqlarını işğaldan azad edib və bu gün qalib xalq kimi yaşayır.
Aqşin Evrən
Globalinfo.az