fazil mustafa

“Əsas məqsəd qeyri-neft iqtisadiyyatının inkişafı və istehsal imkanlarının genişləndirilməsidir.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, istehsal sahələrinə verilən dövlət subsidiyalarının azad edilməsi, eləcə də müraciətlərin yalnız elektron formada qəbul olunması tələbinin tətbiqi sahibkarlar üçün iş prosesini asanlaşdıracaq və problemlərin həllinə kömək edəcək:

“Sahibkarların üzləşdiyi əsas problemlərdən biri bank kreditləri ilə bağlıdır. Girov qoyulmuş əmlakın girovdan çıxarılması bəzən ciddi problemə çevrilir və sahibkarlıq fəaliyyətinə xeyli ziyan vurur. Sahibkar məhkəmə qərarı ilə borcunu və faizini ödəyir, lakin əmlakını girovdan çıxarmaq üçün yenidən məhkəməyə müraciət etməli olur. Bu isə vaxt itkisi və əlavə stresslə yanaşı, sahibkar üçün maliyyə itkisinə də səbəb olur.

Sahibkarların əksəriyyətinin vergi qurumları ilə ciddi problemi yoxdur. Son illərdə Dövlət Vergi Xidməti tərəfindən sahibkarlığın inkişafını stimullaşdıran xeyli addımlar atılır. Lakin ayrı-ayrı qurumların müxtəlif bəhanələrlə sahibkarlıq subyektlərini cərimələrlə yükləməsi iş yerlərinin bağlanmasına və ya işçi sayının azaldılmasına gətirib çıxarır. Halbuki bu dəyişikliklərin əsas məqsədi sahibkarların istehsalını genişləndirməsini stimullaşdırmaqdır. Sahibkar fəaliyyətini böyütdükcə ayrı-ayrı qurumların müdaxiləsi və cərimələri ilə üzləşirsə, nəticədə fəaliyyətini məhdudlaşdırmağa məcbur olur. Bu da iqtisadiyyatımızın inkişafına mənfi təsir göstərir”.

Deputat qeyd edib ki, vergi siyasəti ilə bağlı mövcud potensialın araşdırılmasına da diqqət yetirilməlidir:

“Dünyanın əksər ölkələrində elektrik avtomobillərinin alışını stimullaşdırmaq məqsədilə vergi güzəştləri tətbiq olunur. Məqsəd bu avtomobillərin daha çox alınmasını təşviq etmək və onların digər avtomobillərlə rəqabət imkanlarını artırmaqdır.

Elektrik avtomobilləri istehsal edən azsaylı dövlətlər isə öz bazarlarını qorumaq məqsədilə vergi müəyyənləşdirirlər. Bu, istehsalçı ölkələrin strateji məqsədlərinə uyğun atılan addımdır. Azərbaycanda ötən ilə qədər elektrik avtomobillərinin idxalına vergi tətbiq olunmurdu. Lakin bu ildən etibarən belə bir vergi tətbiq edilir. Hesab edirəm ki, bu qərar iqtisadi imkanlarımıza təsir göstərəcək.

Verginin tətbiqi, təbii ki, ölkəyə gətirilən elektrik avtomobillərinin qiymətlərinin artmasına səbəb olur. Hazırda qiymətlərin yüksəldiyini də müşahidə edirik. Bu, ölkəyə idxal olunan elektrik avtomobillərinin sayının azalmasına gətirib çıxara bilər. Nəticədə dizel və benzinlə işləyən avtomobillərin üstünlük təşkil etməsi davam edəcək.

Bu vergidən dövlət büdcəsinə daxil olan vəsait də, əslində, o qədər böyük deyil. Əgər büdcəyə əhəmiyyətli məbləğdə gəlir gətirsəydi, bu qərarı müəyyən qədər anlamaq olardı. Hesab edirəm ki, elektrik avtomobillərinin sayının və satış nöqtələrinin azalması, onların istifadəsi ilə bağlı xidmətlərin, təmir məntəqələrinin və iş yerlərinin sayının aşağı düşməsinə səbəb ola bilər. Nəticədə büdcəyə daxil olan vəsait də azala bilər.

Eyni zamanda, böyük şirkətlər bu cür vergilərdən yayınmaq üçün müxtəlif yollar axtarırlar. Bu da bir çox hallarda mənfi halların yaranmasına səbəb olur.

Hesab edirəm ki, bu qanunla bağlı dəyişikliklərdə müsbət məqamlar da var. Xüsusilə kənd təsərrüfatı ilə bağlı məsələlərdə 90 faizlik güzəştin, o cümlədən vergi güzəştlərinin tətbiqi və digər addımlar diqqətəlayiqdir. Bu sahəyə də diqqət yetirməli, mövcud iqtisadi potensialımızdan düzgün istifadə olunması ilə bağlı təklifləri nəzərə almalıyıq.

Turizm sahəsindəki imkanlarımızı araşdırsaq, bu potensialdan səmərəli istifadə etməklə dövlət büdcəsinin gəlirlərini artırmaq üçün geniş imkanlarımızın olduğunu görərik. Gürcüstanın, Türkiyənin və digər ölkələrin təcrübəsi də bunu göstərir.

Ona görə də düşünürəm ki, düzgün iqtisadi yolları tapa bilsək, dövlət büdcəsinin imkanlarını genişləndirə, əhalinin sosial rifahını yüksəldə, sosial müavinətlərin verilməsi və insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində əlavə imkanlar yarada bilərik”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: