Milli Məclisdə deputat Səyyad Aranın parlamenti “danışmaqxana” adlandırması, sədr Sahibə Qafarovanın buna etiraz etməsi ətrafında müzakirələr davam edir.
Bəs “danışmaqxana” sözü dilçilik baxımından nə dərəcədə doğrudur? Milli Məclisi bu cür adlandırmaq olarmı?
Globalinfo.az-a danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Elşad Abışov bildirib ki, “parlament” sözü fransız mənşəlidir və Azərbaycan dilinə tərcümədə “danışmaq” mənasını verir:
“Təbii ki, Azərbaycan dilində “danışmaqxana” ifadəsi mövcud deyil və onun ədəbi dildə işlədilməsi də məqsədəuyğun hesab olunmur. Mənim düşüncəmə görə, Səyyad Aran bu ifadəni parlamentin danışıq yeri olduğunu, deputatların xalqın problemlərini və qayğılarını məhz bu məclisdə səsləndirməli olduqlarını nəzərə alaraq işlədib. “Danışmaqxana” sözü Azərbaycan ədəbi dilində, istər siyasi dialoqlarda, istərsə də ümumi ədəbi ünsiyyətdə qəbul edilmiş norma hesab olunmur”.
E.Abışov mövzu ilə bağlı Üzeyir Hacıbəylinin maraqlı fikirlərini də xatırladıb:
“Üzeyir Hacıbəylinin Milli Məclislə bağlı maraqlı və müqayisəli yazısı var. O yazırdı ki, Avropada bu qurum parlament adlanır, yəni müzakirələrin aparıldığı yer. Rusiyada isə Duma adlanır: “dumat” felindən yaranıb və düşünmək mənasını verir. Azərbaycanda isə Milli Məclis adlandırılır. Üzeyir bəy istehza ilə qeyd edirdi ki, Azərbaycanda da iki cür məclis olur: biri toy məclisi, digəri isə yas məclisi. Toy məclisində tamada danışır, məclisdəkilər əl çalırlar. Yas məclislərində isə molla Quran oxuyur, məclisdəkilər fatihə verirlər”.
Zaira Akifqızı
Globalinfo.az