
Bakının Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 207 ünvanında yerləşən fərdi yaşayış evlərinin bir hissəsi sökülüb. Ərazidə hələ də bir neçə ailə yaşayır. Sonuncu güclü külək zamanı böyük ağaclardan birinin aşması isə yaxınlıqdakı evlərə ziyan vuraraq sakinləri çətin vəziyyətə salıb.
Globalinfo.az xəbər verir ki, sakinlər hadisənin baş verməsində ərazidə aparılan söküntü və qazıntı işlərinin rol oynadığını düşünürlər. Onların iddiasına görə, qazıntılar nəticəsində ağacın kökləri ətrafındakı torpaq boşalıb.
Şikayətçi Nemət İsmayılovun sözlərinə görə, ağacın aşması nəticəsində qaz xətti qırılıb, evə ziyan dəyib. Hadisə zamanı onun valideynləri də evdə olublar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları pəncərədən çıxarmaq məcburiyyətində qalıblar.
N. İsmayılov ağacın aşmasının yalnız güclü küləklə əlaqələndirilməsini düzgün hesab etmədiyini bildirib:
“Bəziləri ağacın aşmasını güclü küləklə əlaqələndirə bilər. Amma məncə, əsas səbəb ağacın dibində torpağın boşalmasıdır. Bu da ərazidə aparılan söküntü işləri ilə bağlı ola bilər. Torpaq qazılıb, ağacın kökləri boşalıb və ağac güclü küləyə tab gətirməyərək aşıb. Nəticədə qaz xətti tamamilə qırılıb, evin içərisinə də müəyyən ziyan dəyib.
Təxminən 100 ilin ağacıdır. Biz 40 ildir burada yaşayırıq, indiyədək niyə aşmırdı? Hesab edirəm ki, buna səbəb söküntü zamanı qazıntı işlərinin düzgün aparılmamasıdır”.
Şikayətçi ərazidə yaşayan səkkiz ailənin tikinti şirkəti ilə razılığa gələ bilmədiyini də söyləyib. Onun sözlərinə görə, sakinlər əvvəllər ərazidən köçən qonşularına təklif edilmiş şərtlərlə razılaşmaq istəyirlər. Lakin şirkətin təklif etdiyi mənzilin sahəsi ailələrin ehtiyaclarını ödəmir.
Tikinti şirkətinin nümayəndəsi isə ağacın aşmasını təbii fəlakət kimi qiymətləndirib. O, hadisənin səbəblərinin aidiyyəti qurumlar tərəfindən araşdırılmalı olduğunu bildirib. Nümayəndənin sözlərinə görə, şirkətin məsuliyyəti müəyyən edilərsə, dəymiş ziyanı ödəməyə hazırdırlar.