İranla davam edən müharibə Fars körfəzi ölkələrinə ciddi iqtisadi zərbə vurub. Proqnozlara görə, münaqişənin regiona vurduğu zərər 200 milyard dolları ötüb, uzunmüddətli iqtisadi itkilər isə 2030-cu ilədək 790 milyard dollara çata bilər.
Müharibənin Fars körfəzi ölkələrinə vurduğu bu qədər böyük iqtisadi zərər dünya iqtisadiyyatına, xüsusilə enerji bazarına necə təsir göstərəcək? Bu itkilər Azərbaycanın iqtisadiyyatına hansı formada təsir edə bilər?
Globalinfo.az-a danışan iqtisadçı Əli Səlimov deyib ki, bu zərər artıq regional münaqişə çərçivəsini aşaraq dünya iqtisadiyyatı üçün ciddi riskə çevrilib:
“Xüsusilə enerji infrastrukturuna dəyən zərər, turizm sektorunun zəifləməsi və investisiya fəallığının azalması Körfəz ölkələrinin iqtisadi inkişaf perspektivlərinə mənfi təsir göstərir. Bu prosesin nəticələri isə yalnız münaqişə tərəfləri ilə məhdudlaşmır, beynəlxalq iqtisadi əlaqələr və enerji təchizatı üzərindən digər ölkələrə də ötürülür. Müharibənin dünya iqtisadiyyatına ən ciddi təsiri enerji bazarında özünü göstərir. Fars körfəzi dünya neft və təbii qaz tədarükünün əsas mərkəzlərindən biridir. Xüsusilə Hörmüz boğazının strateji əhəmiyyəti bu baxımdan olduqca böyükdür. Dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən dörddə biri və mayeləşdirilmiş təbii qaz ticarətinin əhəmiyyətli hissəsi bu marşrutdan keçir. Boğazda gəmiçiliyin məhdudlaşması, enerji obyektlərinə hücumlar və ixrac infrastrukturunun zədələnməsi qlobal bazarda təklifin azalması təhlükəsini artırır. Nəticədə neft və qaz qiymətlərində kəskin dəyişkənlik, daşınma və sığorta xərclərində artım müşahidə olunur. Enerji daşıyıcılarının bahalaşması isə öz növbəsində sənaye istehsalından tutmuş nəqliyyat və ərzaq sektorunadək müxtəlif sahələrdə xərcləri yüksəldərək qlobal inflyasiyanı sürətləndirəcək”.
Əli Səlimov
İqtisadçı bildirib ki, Azərbaycan üçün yaranmış vəziyyət isə iqtisadi imkanlarla yanaşı, həm də müəyyən risklər formalaşdırır:
“İlk növbədə, dünya bazarında neft və qaz qiymətlərinin yüksəlməsi ölkənin ixrac gəlirlərinin, dövlət büdcəsinin və tədiyə balansının möhkəmlənməsinə müsbət təsir göstərə bilər. Karbohidrogen ixracından əldə olunan əlavə gəlirlər valyuta ehtiyatlarının artırılması və makroiqtisadi sabitliyin qorunması baxımından əhəmiyyətlidir. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin aktuallaşması Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu daha da gücləndirir. Lakin yüksək enerji qiymətlərinin yaratdığı üstünlüklər müəyyən riskləri aradan qaldırmır. Qlobal inflyasiyanın sürətlənməsi Azərbaycanın idxal etdiyi ərzaq, sənaye məhsulları və texnologiyaların bahalaşmasına səbəb olur. Regionda təhlükəsizlik risklərinin artması isə investisiya axınlarına, nəqliyyat-logistika əlaqələrinə və ticarət dövriyyəsinə mənfi təsir göstərə bilər. Bu baxımdan, enerji gəlirlərinin artması ilə yanaşı, xarici iqtisadi mühitdəki qeyri-müəyyənlik də nəzərə alınmalıdır”.
Ə.Səlimov qeyd edib ki, İran müharibəsi Azərbaycan üçün qısamüddətli enerji gəlirlərinin artması baxımından müəyyən imkanlar yaradır:
“Amma əsas strateji məqsəd bu imkanları uzunmüddətli iqtisadi üstünlüyə çevirmək olmalıdır. Əlavə gəlirlərin qeyri-neft sektorunun inkişafına, ixracın şaxələndirilməsinə, sənaye potensialının genişləndirilməsinə və tranzit infrastrukturunun gücləndirilməsinə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki dəyişən geoiqtisadi şəraitdə Azərbaycanın dayanıqlı mövqeyi enerji gəlirləri ilə birlikdə, həmin gəlirlərin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində nə dərəcədə səmərəli istifadə olunmasından asılı olacaq”.
Ləman İmran
Globalinfo.az