ABŞ Prezidenti Donald Tramp bildirib ki, prezidentlik müddəti başa çatdıqdan sonra İranın hazırkı hakimiyyəti vəzifədə qalarsa, bunu özünün məğlubiyyəti hesab edəcək. Bu bəyanat Vaşinqtonun Tehranla bağlı gələcək planları ətrafında müzakirələri yenidən gündəmə gətirib.
Bu açıqlama İranda hakimiyyət dəyişikliyinin ABŞ-ın əsas hədəflərindən biri olduğunu göstərirmi? Vaşinqtonun növbəti addımları hansı istiqamətdə ola bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Əlabbas Məhərrəmov deyib ki, Trampın bu bəyanatının növbəti günlərdə onun üçün mütləq siyasi öhdəliyə çevrilib-çevrilməyəcəyi sual doğurur:
“Çünki biz dəfələrlə şahidi olmuşuq ki, Tramp bir gün çox sərt mövqe sərgiləyir, növbəti gün isə tamamilə fərqli açıqlama verir. Hətta sonradan əvvəlki mövqeyinə başqa məzmun verməkdən də çəkinmir. Digər tərəfdən, İran müharibə zamanı böyük itkilər versə də, hakimiyyət sistemi qorunub saxlanıldı. Bu isə göstərdi ki, hərbi üstünlük əldə etmək və qarşı tərəfdə hakimiyyət dəyişikliyinə nail olmaq tamamilə fərqli məsələlərdir. Məsələnin başqa bir tərəfi də var. İranla qarşıdurmanın davam etdiyi vaxtda ABŞ və İsrailin öz daxilində də ciddi siyasi problemlər müşahidə olunur. ABŞ-da aralıq seçkilərdə demokratların qələbəsi Trampın siyasi mövqelərinə təsir göstərə bilər. İsraildə isə Baş nazir Benyamin Netanyahu tərəfi parlament çoxluğunu itirib və müxalifət hökumət qurmağa çalışır”.
Əlabbas Məhərrəmov
Siyasi şərhçi bildirib ki, Tramp İran hakimiyyətini dəyişmək istəyir, amma daxildə siyasi təzyiqlərlə üzləşir:
“Netanyahu İranla müharibənin əsas siyasi simalarından biri olsa da, öz hakimiyyətini qorumaq baxımından çətin vəziyyətdədir. Bütün bunlar onu göstərir ki, İranla bağlı proseslərə yalnız hərbi müstəvidən yanaşmaq düzgün olmazdı. Burada daxili siyasi vəziyyət, beynəlxalq təzyiqlər, diplomatik danışıqlar və liderlərin şəxsi siyasi maraqları da mühüm rol oynayır.
Nəticə etibarilə, Trampın açıqlaması İran hakimiyyətinin dəyişdirilməsinin onun siyasi hədəflərindən biri olduğunu göstərir. Ancaq bunun mütləq reallaşacağına dair heç bir zəmanət yoxdur. Trampın prezidentlik müddətinin sonunadək hansı addımları atacağını, yoxsa bugünkü bəyanatına sonradan başqa siyasi məna verəcəyini zaman göstərəcək”.
Ləman İmran
Globalinfo.az