Deputat Naqif Həmzəyevin Milli Məclisin komitə iclasında qaldırdığı məsələ deputatların səlahiyyətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə ki, ayrı-ayrı millət vəkilləri vaxtaşırı aidiyyəti dövlət qurumlarının onların müraciətlərinə lazımi reaksiya verməməsindən, nazirlərlə əlaqə saxlamaqda çətinlik çəkmələrindən və səlahiyyətlərinin məhdudluğundan şikayətlənirlər. Sonuncu dəfə deputat Səyyad Aran da bu istiqamətdə narazılığını ifadə edib.
Bəs görəsən, qanunvericilik deputatlara hansı hüquq və səlahiyyətləri verir? Millət vəkillərinin dövlət qurumları və hökumət üzvləri qarşısında hansı imkanları var?
Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, deputatların bu şəkildə giley-güzar etməsi, şikayətlənməsi anlaşılan deyil:
“Çünki məhz Nazirlər Kabinetini, o cümlədən Baş naziri seçən zaman, eləcə də Baş nazir Milli Məclisə hesabat verən zaman bu məsələləri işıqlandırmaq və sorğulamaq mümkündür. Amma ümumilikdə, Milli Məclis deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində qeyd olunur ki, deputatın səlahiyyətləri Milli Məclisin orqanlarında iştirak etmək, həmin orqanları seçmək və seçilmək hüququndan istifadə etmək, qanunvericilik təşəbbüsü ilə çıxış etməkdir”.
Ramil Süleymanov
Vəkil bildirib ki, deputatlar müraciətləri Milli Məclisdə qaldıra bilərlər:
“Ən əsası, deputat hər hansı məsələ ilə bağlı ona müraciət edən vətəndaşların problemlərinin həlli üçün müvafiq sorğular göndərə, eləcə də bəzi hallarda birbaşa vətəndaşın mənafeyi naminə onun probleminin işıqlandırılması istiqamətində məsələni Milli Məclisin gündəliyinə sala və bu istiqamətdə müəyyən addımlar ata bilər. Ümumilikdə isə deputatların əsas vəzifələri Milli Məclisin iclaslarında, komissiya və komitələrin iclaslarında iştirak etmək, hər hansı qanunvericilik aktlarını müzakirə etmək və səsvermədə iştirak etməkdən ibarətdir”.
Zaira Akifqızı
Globalinfo.az