ilhammmmm

“Azərbaycanın qlobal səviyyədə geosiyasi və geoiqtisadi çəkisinin artması ölkənin yürütdüyü müstəqil xarici siyasət, enerji təhlükəsizliyində oynadığı əsaslı rol, eləcə də Cənubi Qafqazda yeni regional reallıqlar yaratması ilə birbaşa bağlıdır”.

Bunu Globalinfo.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Avropa liderlərinin Prezident İlham Əliyevin mövqeyinə xüsusi maraq göstərməsinin və Azərbaycanla tərəfdaşlığa üstünlük verməsinin kökündə məhz bu zəmində bir neçə mühüm strateji amil dayanır:

“Birincisi, Avropanın enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi məsələsində Azərbaycan əvəzolunmaz tərəfdaşdır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı rus qazından asılılığı minimuma endirmək üçün alternativ mənbələrə yönəldi. Bakının təşəbbüsçüsü və əsas iştirakçısı olduğu Cənub Qafqaz Qaz Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsilə Xəzər dənizinin təbii qazının birbaşa Avropa bazarlarına nəql edilməsi qitənin enerji böhranından qurtulmasında həlledici rol oynadı. Avropa Komissiyası Azərbaycanı etibarlı “strateji enerji tərəfdaşı” kimi qiymətləndirir və bu əməkdaşlığın yaşıl enerji, xüsusilə Xəzərin bərpa olunan enerji potensialının Avropaya ötürülməsi istiqamətində genişləndirilməsinə çalışır.

İkincisi, Azərbaycan Avrasiya məkanında, xüsusilə Mərkəzi Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz üzərində yerləşən əsas logistik mərkəzə məhz İlham Əliyevin qətiyyəti ilə çevrilib. Qlobal ticarət yollarının şaxələndiyi, dəniz və quru yollarının geosiyasi risklərlə üzləşdiyi bir dövrdə Azərbaycanın nəqliyyat və kommunikasiya infrastrukturu Şərq ilə Qərb arasında təhlükəsiz və qısa tranzit qovşağı təmin edir. Qərbin alternativ ticarət və təchizat zəncirləri yaratmaq cəhdlərində Bakının dəstəyi və infrastrukturu strateji əhəmiyyət daşıyır.

Üçüncüsü, Azərbaycan məhz Prezidentin şəxsiyyəti amilinin həlledici rolu ilə Cənubi Qafqazda uzun illər davam edən münaqişəni həll etməklə regionun geosiyasi arxitekturasını kökündən dəyişdirib. Ölkənin öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi regionda güc balansını yenidən formalaşdırıb, eyni zamanda dayanıqlı sülh və sabitliyin təmin olunması üçün əsas aktorun məhz Azərbaycan olduğunu göstərib”.

behruz meherremov 13 900x600 1

Bəhruz Məhərrəmov

Deputat bildirib ki, Avropa İttifaqı və ayrı-ayrı Avropa dövlətləri Cənubi Qafqazda sabitliyin bərqərar edilməsi, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması prosesində Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcburdurlar:

“Çünki regionda heç bir iri layihə və ya təhlükəsizlik arxitekturası Bakının razılığı və iştirakı olmadan reallaşa bilməz. Azərbaycanın qlobal siyasətdə nümayiş etdirdiyi balanslı və praqmatik çoxvektorlu diplomatiya onun beynəlxalq nüfuzunu gücləndirib. Rəsmi Bakı Qərb və Şərq, eləcə də qonşu dövlətlər arasında münasibətlərdə milli maraqlara əsaslanan müstəqil xətt yürütməklə heç bir blokun qarşıdurma alətinə çevrilmir. Qlobal miqyasda qütbləşmənin dərinləşdiyi bir şəraitdə həm Avropa, həm də digər qlobal güclər İlham Əliyevin tarazlaşdırıcı mövqeyinə və sabitləşdirici roluna ehtiyac duyurlar. Bu da ölkənin lideri olaraq Prezidentimizin irəli sürdüyü yanaşmaların beynəlxalq səviyyədə diqqətlə izlənməsini və dəyərləndirilməsini şərtləndirir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: