kredit

Azərbaycanda bankların kredit verərkən borcalanların gəlirlərini qiymətləndirməsi ilə bağlı yeni qayda qüvvəyə minib. Qərara əsasən, borcalanın gəlirlərini rəsmi sənədlər və ya dövlət informasiya ehtiyatları və sistemlərindən əldə olunan məlumatlar vasitəsilə müəyyən etmək mümkündürsə, banklar həmin şəxsin gəlirini davranış modeli əsasında proqnozlaşdıra bilməyəcəklər.

Yeni tələblərə görə, əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd, bank depozitləri üzrə faiz gəlirləri və digər rəsmi gəlir mənbələrini təsdiq edən sənədlər kredit qərarları zamanı əsas götürülməlidir.

Bu dəyişiklik bankların kredit siyasətinə və vətəndaşların kredit əldə etmək imkanlarına necə təsir edəcək? Rəsmi gəliri olmayan şəxslərin kredit götürməsi çətinləşəcəkmi?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, yeni qaydaların tətbiqi bank sektorunda kredit risklərinin qiymətləndirilməsi mexanizminin daha da təkmilləşdirilməsinə və kreditləşmədə şəffaflığın artırılmasına xidmət edir:

“Əsas məqsəd borcalanların ödəmə qabiliyyətinin ehtimal olunan deyil, real və təsdiqlənmiş gəlirlər əsasında müəyyən edilməsidir. Bu yanaşma bankların kredit risklərini daha düzgün qiymətləndirməsinə, problemli kreditlərin artmasının qarşısının alınmasına və maliyyə sabitliyinin qorunmasına imkan verəcək. Qaydanın təsiri xüsusilə rəsmi gəliri olmayan və ya gəlirlərini sənədlərlə təsdiq edə bilməyən şəxslər üçün daha çox hiss olunacaq. Belə borcalanların kredit əldə etmək imkanları məhdudlaşa, kredit müraciətlərinə daha sərt yanaşma tətbiq oluna bilər. Bununla belə, bu dəyişiklik həmin şəxslərin kredit bazarından tamamilə kənarlaşdırılması demək deyil”.

gunay 900x600 1

Günay Hüseynova

İqtisadçı bildirib ki, əsas məsələ gəlirlərin qanunvericiliyə uyğun şəkildə təsdiqlənməsi və borcalanın maliyyə imkanlarının real qiymətləndirilməsidir:

“Bundan sonra banklar kredit qərarları verərkən borcalanın rəsmi gəlirlərini, mövcud borc öhdəliklərini, borcun gəlirə nisbətini, kredit tarixçəsini və aylıq ödənişləri qarşılamaq imkanlarını kompleks şəkildə nəzərə almalıdırlar. Burada əsas prinsip kreditin verilməsi deyil, onun geri qaytarılma qabiliyyətinin təmin edilməsidir. Ümumilikdə qeyd edim ki, yeni tənzimləmə qısamüddətli dövrdə müəyyən kateqoriyadan olan şəxslər üçün kredit əlçatanlığını azalda bilsə də, uzunmüddətli perspektivdə daha sağlam kredit portfelinin formalaşmasına, məsuliyyətli borclanma mədəniyyətinin güclənməsinə və bank sektorunda kredit risklərinin azalmasına müsbət təsir göstərəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: