qara 11

Azərbaycanın Avropanın enerji bazarında mövqeyini gücləndirmək istiqamətində yeni imkanlar yaranır. Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli layihəsi bu baxımdan regionun enerji xəritəsini dəyişə biləcək strateji təşəbbüslərdən biri hesab olunur. Azərbaycan, Türkiyə və tərəfdaş ölkələrin nümayəndələrinin regional enerji bağlantılarını müzakirə etməsi layihənin siyasi və iqtisadi gündəmdə aktuallığını artırır.

Layihənin əsas məqsədi Azərbaycanın, xüsusilə də bərpaolunan enerji mənbələri hesabına istehsal edəcəyi elektrik enerjisinin Avropa bazarına çatdırılması üçün yeni nəqliyyat dəhlizi yaratmaqdır. Bu, Azərbaycanın enerji ixracı imkanlarını genişləndirməklə yanaşı, Avropanın enerji təchizatında alternativ mənbələrin və marşrutların rolunu da artıra bilər.

Lakin layihənin reallaşması heç də asan olmayacaq. Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik kabelinin çəkilməsi böyük texniki imkanlar və ciddi maliyyə resursları tələb edir. Dənizin dərinliyi, geoloji xüsusiyyətləri, kabelin təhlükəsizliyi və tikinti xərcləri layihənin taleyini müəyyənləşdirəcək əsas amillərdir. Bundan başqa, investisiyaların hansı müddətdə geri qayıdacağı və Avropa bazarında elektrik enerjisinin hansı qiymətlə satılacağı da iqtisadi baxımdan həlledici əhəmiyyət daşıyır.

Fikrimizcə, Qara dəniz kabelini Azərbaycanın Gürcüstan-Türkiyə üzərindən mövcud enerji bağlantılarının alternativindən daha çox, onları tamamlayan əlavə dəhliz kimi qiymətləndirmək məqsədəuyğundur. Çünki ixrac marşrutlarının şaxələndirilməsi enerji təhlükəsizliyini artırır, bir istiqamətdən asılılığı azaldır və Azərbaycanın Avropa bazarına çıxış imkanlarını genişləndirir. Bu baxımdan layihə yalnız elektrik enerjisinin nəqli deyil, həm də Azərbaycanın uzunmüddətli enerji ixrac strategiyasının mühüm hissəsidir.

Layihə bir neçə ölkənin iqtisadi və strateji maraqlarını birləşdirir. Azərbaycan bərpaolunan enerji potensialını ixraca yönəltmək, Gürcüstan tranzit və enerji inteqrasiyası imkanlarını genişləndirmək, Rumıniya və Macarıstan isə Avropanın enerji təchizatında alternativ mənbələrin rolunu artırmaq istəyir. Türkiyə üçün də regional enerji bağlantılarının genişlənməsi strateji əhəmiyyət daşıyır.

Bununla belə, Qara dənizdəki geosiyasi vəziyyət layihənin icrası qarşısında ciddi çağırışlar yarada bilər. Rusiya-Ukrayna müharibəsi və regionda artan təhlükəsizlik riskləri sualtı infrastrukturun qorunmasını daha da vacib edir. Kabelin çəkilməsi ilə yanaşı, onun gələcək istismarı, texniki xidməti və mümkün sabotaj təhlükələrindən müdafiəsi də əlavə maliyyə və təhlükəsizlik təminatları tələb edəcək.

Nəticə etibarilə, Qara dəniz elektrik kabeli Azərbaycan üçün Avropanın enerji bazarında mövqelərini genişləndirmək baxımından perspektivli layihədir. Noyabrın 9-da layihənin Avropa İttifaqının Qarşılıqlı Maraqlı Layihələr siyahısına daxil edilməsi üçün müraciətin təqdim olunması da bu istiqamətdə mühüm addımdır. Ancaq layihənin real iqtisadi nəticə verməsi üçün siyasi razılaşmalarla kifayətlənmək olmaz. Texniki-iqtisadi səmərəlilik, maliyyələşmə və təhlükəsizlik məsələləri konkret həllini tapmalıdır. Əks halda, böyük investisiya tələb edən bu təşəbbüsün reallaşması illərlə uzana bilər.

Akif Nəsirli

Paylaş: